RegionTV.info
Balakəndə avtomobilində konstruksiya dəyişikliyi edən, qaydaları pozan sürücü polisin qanuni tələbinə məhəl qoymadığı üçün inzibati həbs olunub.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Balakən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları hərəkətin intensiv olduğu küçə və prospektlərdə keçirdikləri tədbirlər zamanı kobud qayda pozuntuları törədərək digər hərəkət iştirakçılarının da sağlamlığı üçün təhlükə yaradan, sürücülük hüququ olmadan avtomobil idarə edən, nəqliyyat vasitəsində konstruksiya dəyişikliyinə yol verən sürücüləri müəyyən edib.
Qanunvericiliyin tələbləri onlara izah edilib və avtomobillər özlərinin də iştirakı ilə müvəqqəti duracağa yerləşdirilib.
Keçirilən tədbirlər zamanı istifadələrində olan VAZ-2107 markalı avtomobillərdə konstruksiya dəyişikliyi edən, şəhər ərazisində kobud qayda pozuntuları törədərək digər hərəkət iştirakçılarının da haqlı narazılığına səbəb olan və bu əməllərini sosial şəbəkələrdə paylaşan rayon sakinləri Yusif Əzizov və Tural Məmmədov da saxlanılıblar. Yoxlama zamanı məsuliyyətdən yayınmağa çalışan Yusif Əzizov polis əməkdaşının qanuni tələbinə məhəl qoymayıb və ictimai asayişin pozulmasına yönələn hərəkətlərə yol verib.
Hər iki şəxs polis şöbəsinə dəvət edilib, T.Məmmədov barəsində inzibati tənbeh tədbiri görülüb, Y.Əzizov barəsində isə toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib. Məhkəmənin də qərarı ilə o,10 sutka inzibati həbs olunub.