Vəziyyət o həddə çatıb ki, koronavirusla bağlı xəbərlər dünya əhalisində psixoloji gərginlik yaradıb.
Koronavirus bəlası Azərbaycanda da təhlükəli hal alıb. Hər gün yaxın ətrafımızdan kimlərinsə bu virusa yoluxduğunu, hətta öldüyünü eşidirk.
Ancaq bir çox ölkələrdə vaksinlərin hazırlanması COVID-19 kabusunun nəhayət sonu ola bilər. Bu ildən başlayaraq dünya ölkələrində əhaliyə peyvənd vurulmasına başlanılıb.
Ölkəmizə də tezliklə vaksinlərin gətirilməsi gerçəkləşəcək. Rəsmilər artıq bu barədə açıqlamalar veriblər. İlkin mərhələdə risk qrupuna daxil olan insanların peyvənd olunacağı gözlənilir.
Peyvənd vurdurmaq isə könüllü və pulsuz olacaq. Yeri gəlmişkən, bütün dünyada olduğu kimi, Azərbaycanda da peyvəndlərə birmənalı münasibət yoxdur. Bəzi insanlar indidən peyvənd olunmaqdan imtna edəcəklərini bildirilər.
Modern.az mövzunun aktuallığını nəzərə alaraq, Milli Məclisin bəzi deputatlarından peyvənd olunub-olunmayacaqlarını soruşub.
Ceyhun Məmmədov peyvənd olunacağını istisna etməyib:
“Peyvəndlərlə bağlı müxtəlif müzakirələr gedir. Hətta bəzi ölkələrdə müəyyən etirazları da müşahidə edirik. Hesab edirəm ki, bu məsələdə dövlət məmurları, deputatlar nümunə olmalıdır. Vaksinasiya dövlət əhəmiyyətli tədbirdir. Biz özümüz nümunə göstərərək peyvəndlənmə prosesində aktiv iştirak etməliyik. Bununla da insanlara mesaj verməliyik ki, peyvəndlənmədən qorxmasınlar. Amerika, İsrail kimi ölkələrdə dövlət başçıları kamera qarşısında bunu edirlər. Peyvənd olunma milli təhlükəsizlik məsələsidir. Biz virus təhlükəsindən tez xilas olmaq istəyiriksə, çətinliklərin aradan qalxmasına çalışırıqsa, peyvənd olunmalıyıq. Mən də peyvənd olunmada böyük məmnuniyyətlə iştirak edəcəm”.
Məşhur Məmmədovun sözlərinə görə, bu bəladan qurtulmaq üçün peyvəndləmə mütləq lazımdır:
“Bütün dünyada bu virus yayılmağa başladı. Dünya bu virusla mübarizə aparır. İnsan itkisi də daha çoxdur. Hazırki mərhələ peyvəndləmə mərhələsidir. Bu peyvəndlərin vurulması insanların sağlamlığı üçündür. İnternet resurslarında panika xəbərləri həmişə olur. İndi də peyvəndlərlə bağlı belə xəbərlərə rast gəlmək mümkündür. Ancaq biz bu cəmiyyətdə normal həyat yaşamaq, əvvəlki yaşayış tərzinə qayıtmaq istəyiriksə, mütləq peyvənd olunmalıyıq. Bu, bizim sağlamlığmıza hesablanıb. Ölkə başçısı bu sahədə hərtərəfli işlər həyata keçirir. Hesab edirəm ki, dövlətimiz tərəfindən ilk olaraq tibb işçilərinin və yaşlıların peyvənd olunması nəzərdə tutulur. Çünki tibb işçiləri və yaşlı insanlar risk qrupuna daxildir. Bu məcburi olmadığına görə, insanlara seçim imkanı da veriləcək. Düşünürəm ki, bir müddətdən sonra insanlar özləri könüllü peyvənd olunmaq istəyəcək. Mən də bir deputat olaraq peyvənd olunacam. Hesab edirəm ki, bəladan tam qurtulmaq üçün buna ehtiyac var”.
Aqil Məmmədov peyvənd olunma işlərini alqışladığını bildirib:
“Bununla da insanlar əvvəlki həyatına qayıdacaq. Bir ildən çoxdur ki, dünya COVID-19 pandemiyasının qurbanına çevrilməkdədir. Bu bəla ölkəmizdən də yan keçməyib. Mən də böyük məmnuniyyətlə peyvənd olunacam və dövlətimə, xalqıma dəstək olacam”.
Elman Məmmədov peyvəndləmə prosesinə qoşulacağını vurğulayıb:
“Məlumatınız var ki, ilk olaraq 65 yaşdan yuxarı şəxslər peyvəndləməyə cəlb olunacaq. Mən də o yaş kateqoriyasındayam. Digər tərəfdən də Milli Məclisin deputatı kimi statusum var. Bundan boyun qaçırmaq düzgün olmaz. Əksinə, nümunə göstərmək lazımdır. Vətəndaşlarımızda bu məsələyə inam yaradılmasına çalışmaq lazımdır. Bu peyvəndləmə fəlakətin qarşısını almaq üçündür. Dövlət peyvəndlərə pul xərcləyir. Bu gün Azərbaycana gətirilən peyvəndlər dünyada mövcud olan ən etibarlı peyvəndlərdir. Hesab edirəm ki, bu məsələdə də bir olmalı və dövlət başçımıza təşəkkür etməliyik”.
Kamilə Əliyeva peyvənd olunacağı günü səbirsizliklə gözləyir:
“Bu dəqiqə dünya əhalisi peyvəndlənməni gözləyir. Düzdü, 3 qızıl qaydaya əməl edirik: maska taxırıq, spirtlənirik, ara məsafəsi saxlayırıq. Amma virusun tam olaraq məhv olması üçün bunlar yetərli deyil. Təbii ki, peyvəndləmə növbəli şəkildə həyata keçiriləcək. Öncə tibb işçiləri, daha sonra isə yaş qrupuna daxil olan insanlar peyvənd olunacaq. Mən isə peyvənd olunacağım günü səbirsizliklə gözləyirəm”.
Məlahət İbrahimqızı da peyvənd olunmaq istədiyini qeyd edib:
“Dünyada da belədir ki, peyvəndləmə mərhələli şəkildə aparılacaq. Əsasən COVID-19 təhlükəsi ilə üzləşən təbəqə peyvənd olunacaq. Öncə səhiyyə işçiləri, sonra isə yaş kateqoriyasına daxil olan şəxslərə tətbiq olunacaq. Milli Məclisin deputatları olaraq hansı kateqoriyaya daxil olacağıqsa, o mərhələdə mütləq peyvənd olunacam. Buna mən də razıyam”.
Fəzail Ağamalı da vaksinasiya olunmaq fikrinin olduğunu söyləyib:
“Mənim də peyvənd olunmaq fikrim var. Bundan çəkinmək lazım deyil. Bu peyvəndlər testdən keçib. Hər hansı fəsadı yoxdur. Bu lənətlənmiş virusdan qurtulmaq üçün mütləq peyvənd olunmaq lazımdır. Hesab edirəm ki, bundan çəkinmək qətiyyən olmaz”.