RegionTV.info
Gəncə şəhər Heydər Əliyev Mərkəzində Kəlbəcər rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının təşkilatçılığı, Milli Məclisin deputatı Aqil Məmmədovun təşəbbüsü ilə “Heydər Əliyev ili” çərçivəsində “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” mövzusunda tədbir keçirilib.
Tədbirdə Milli Məclisin deputatı Aqil Məmmədov, Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə müəssisə rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları Gəncə şəhərində yerləşən Heydər Əliyev mərkəzinin önündə ucaldılan Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsinin önünə gül dəstələri düzərək ruhuna ehtiramlarını bildiriblər. Daha sonra Mərkəzdə Ulu Öndər Heydər Əliyevin Xatirə Muzeyi ziyarət olunub.
Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda öz canlarından keçmiş Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Çıxış edən Millət vəkili Aqil Məmmədov
Prezident İlham Əliyevin Sərəncamı ilə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan olunmasını dahi rəhbərə olan ümumxalq sevgisinin təcəssümü, xalqımız və dövlətçiliyimiz qarşısındakı misilsiz xidmətləri ilə çoxəsrlik tariximizin ən parlaq səhifələrini yazan Ulu Öndərə böyük ehtiramın göstəricisi, ölkəmizin müasir tarixinin bütöv bir mərhələsinin Ümummilli Liderin adı ilə bağlı olmasını vurğulayıb. Ümummilli Liderimizin uzaqgörən və düzgün siyasəti Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən peşəkarcasına davam etdirilərək, ölkəmizin hərtərəfli inkişafında yeni imkanlar yaradılıb, məhz bu siyasətin nəticəsidir ki, Müzəffər Sərkərdə İlham Əliyevin rəhbərliyi altında dövlətimiz 44 günlük Vətən müharibəsində mütləq tarixi Qələbə qazanıb və ərazi bütövlüyümüzü təmin edilib.
Aqil Məmmədov bildirib ki, Heydər Əliyev yolu bundan sonra da Azərbaycana daha möhtəşəm uğurlar qazandıracaq. Azərbaycan xalqı və dövləti var olduğu müddətdə əvəzedilməz şəxsiyyət olan Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq və hörmətlə anılacaq.
Daha sonra çıxış edən Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Yeni Azərbaycan Partiyasının sədiri Həbib Misirov və digər natiqlər Ümummilli Lider Heydər Əliyevin qətiyyətli dövlət başçısı, müdrik siyasətçi, məsuliyyətli vətəndaş, Vətənini və millətini sevən bir insan kimi, çətin anlarda hər zaman millətinin yanında olmağı bacaran lider kimi gənc nəsil tərəfindən hərtərəfli öyrənilməlisinin vacibliyinə toxunublar.Qeyd olunub ki, Ümummilli Lideri Heydər Əliyevin əsasını qoyduğu siyasət bu gün onun layiqli davamçısı olan Prezident cənab İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilir.
Xalqımız Azərbaycanın xilaskarı, müasir Azərbaycanın memarı və qurucusu, türk dünyasının böyük oğlu, dünya şöhrətli siyasətçi Heydər Əliyevin əvəzsiz xidmətlərini heç vaxt unutmayacaq. Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və öndər kimi daim qalacaqdır.
Tədbirin sonunda Ümumilli lider Heydər Əliyevin Kəlbəcər və kəlbəcərlilər haqqında söylədiyi fikirləri əks etdirən videoçarx nümayiş olunub.