Azərbaycanın quru sərhədlərinin açılması məsələsi uzun müddətdir ki, müzakirə mövzusu olaraq qalır. Bununla bağlı dəfələrlə təkliflər irəli sürülsə də, hökumət sərhədləri açmağa tələsmir.
İddialara görə, may ayından etibarən Azərbaycanın Gürcüstanla quru sərhədlərinin açılması nəzərdə tutulur. Pandemiya səbəbindən qapadılan sərhədlərin açılması iqtisadiyyatın gücləndirilməsi üçün vacib addım hesab olunur. Bununla yanaşı, ölkədə turizmin dirçəldilməsində sərhəd qadağasının götürülməsinin böyük rol oynayacağı bildirilir.
Bəs dövlətin qərarı necə olacaq? Mayda sərhədlər açılacaqmı, yoxsa hələ uzun müddət gözləməli olacağıq?
Referans.az xəbər verir ki, məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Kamran Bayramov bildirib ki, indidən sərhədin açılıb-açılmayacağını demək çətindir:
“Vaxtilə pandemiyanın qarşısının alınması məqsədilə görülən tədbirlər çərçivəsində quru sərhədləri bağlanmışdı. İndi isə vəziyyət dəyişib. Yəqin ki, burada digər məsələlər də var. İndi hərə bir söz deyir. Bəziləri deyir ki, sərhədlər açılacaq. Ancaq mən bunu deyə bilmərəm. Çünki bu barədə Operativ Qərargahın rəsmi qərarı olmalıdır. Çox güman ki, məsləhətləşmələr aparılmalıdır. Buna görə də indidən quru sərhədlərinin mayın 1-də, iyulun 1-də, yaxud avqustun birində açılacağını demək uyğun olmaz. Hazırda bununla bağlı rəsmi qərar yoxdur. Bildiyim qədəri ilə bu istiqamətdə müzakirələr də aparılmır".
Deputatın fikrincə, quru sərhədlərinin bağlı qalmasına təhlükəsizlik məsələləri səbəb ola bilər:
"Pandemiya artıq bitmək üzrədir. Doğrudur, bizdə karantin rejimi qüvvədədir. Müəyyən məhdudiyyətlər aradan qaldırılıb. Quru sərhədlərinin açılması ilə bağlı müzakirələr getmir, təhlillər aparılmır. Quru sərhədlərinin hələ də bağlı qalmasını ölkənin təhlükəsizliyi ilə bağlamaq olar. Belə baxanda başqa səbəb yoxdur.
İndi biz qonşu Ermənistanla, demək olar ki, müharibə şəraitindəyik. Əlaqələrin normallaşması prosesi hələ müzakirə mərhələsindədir. Sülh danışıqları gedir. Sülh müqaviləsinin imzalanması üzrə görüşlər təşkil edilir. Eyni zamanda demarkasiya, delimitasiya prosesi getməlidir. Amma Ermənistanın təxribatları göstərir ki, bizim təhlükəsizliyimizə hələ də təhdidlər var. Bizə qarşı təhlükə təkcə Ermənistandan gəlmir. Burada müəyyən qüvvələr var ki, quru sərhədlər vasitəsilə təhlükəsizliyimizə qarşı təxribat törətməyə cəhd göstərə bilərlər. Sərhədlərin bağlı qalması bununla bağlana bilər".
Qeyd edək ki, Azərbaycan-Gürcüstan quru sərhədi 3 ildir koronavirus pandemiyası səbəbindən bağlıdır.