Bu gün Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutub.
Rəsmi məlumata görə, qarşı tərəfin təxribatı nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları şəhid olub və yaralanıb. Erməni tərəfindən də ciddi itkilər olub. Ermənistan KİV-in məlumatına görə, onların azı 3 hərbçisi ölüb. Ermənistanın xüsusi ordu korpusunun komandiri Armen Gözəlyan isə yaralanıb. Onun durumu ağırdır.
RegionTV.info xəbər verir ki, ümumiyyətlə, son zamanlar Ermənistan təxribatlarına ara vermir. Belə ki, Ermənistan rəsmiləri, o cümlədən baş nazir Nikol Paşinyan, xarici işlər naziri Ararat Mirzoyan yenidən sərsəm bəyanatlar səsləndirməyə başlayıblar.
Onlar Azərbaycanı ittiham etməyə çalışırlar. Şübhəsiz ki, bu səylər absurddur. Çünki faktiki olaraq sülh gündəliyindən yayınan məhz rəsmi İrəvandır. Əslində, onların provokativ açıqlamaları yeni təxribatların və insidentlərin qaçılmaz olacağını göstərirdi.
Vətən müharibəsindəki qələbədən sonra Azərbaycan sülh gündəliyi ilə çıxış edərək qarşı tərəfə sülh müqaviləsi imzalamağı təklif etdi.
Bu, tarixdə az görülmüş hal olmaqla yanaşı, eyni zamanda bizim humanistliyimizin göstəricidir. Rəsmi İrəvan isə 44 günlük müharibənin üzərindən 3 ilə yaxın vaxt keçməsinə baxmayaraq, hələ də bu humanistliyi qiymətləndirmir.
Ermənistan hərbi-siyasi hakimiyyəti bütün imkanları ilə vaxtı uzatmağa çalışır. Baş nazir Nikol Paşinyan və onun komandası regional reallığın dəyişəcəyinə ümid edir, hansısa “çətirlərinə” ümid bəsləyir. Amma bu, tamamilə absurddur.
Çünki Vətən müharibəsindəki qələbədən sonra Cənubi Qafqazda yeni reallıqları diktə edən siyasi aktor məhz rəsmi Bakıdır.
Son zamanlar Ermənistan hakimiyyəti ritorikasını sərtləşdirib, irəli sürülən bütün təşəbbüsləri bloklama yolunu tutub, Azərbaycana qarşı əsassız iddialarla çıxışlarını artırıb.
Görünür, Avropa İttifaqının missiyasının Ermənistana gəlməsi bu ölkənin hakimiyyətini cəsarətləndirib. Ermənistanın siyasi və hərbi rəhbərliyi daha iddialı bəyanatlar verməyə başlayıb. Onlar hesab edirlər ki, Aİ missiyasının bu ölkədə olması öz iddialarını gerçəkləşdirmək üçün zəmin yaradıb.
Təsadüfi deyil ki, indi də ermənilər KTMT missiyasını Ermənistana cəlb etməyə çalışırlar. Əslində bu cür səylər başa düşüləndir. Çünki İrəvan məhz kiminsə “çətiri altında” gizlənərək öz sabotaj cəhdlərini davam etdirə bilər.
Ermənistan hərbi-siyasi hakimiyyətinin hazırkı ritorikası təxminən “ac toyuq yuxusunda darı görür” atalar misalını xatırladır. Amma Paşinyan və onun komandasının tarixi təcrübədən dərs çıxarması daha faydalıdır. Paşinyanın “Qarabağ Ermənistandır, nöqtə” bəyanatı, Cıdır düzündə yallı olmasının nəticələri hər kəsə, o cümlədən də beynəlxalq ictimaiyyətə yaxşı məlumdur.
Rəsmi İrəvan bunu unutmamalıdır. Odur ki, əminliklə deyə bilərik ki, şəhidlərimizin qanı yerdə qalmayacaq. Ermənistan növbəti təxribatına və cinayətinə görə mütləq cavab verəcək: Azərbaycan Ordusu və təxribatları Ermənistana bağışlamaz.
P.S. Son məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Laçın rayonu istiqamətində törədilən təxribat nəticəsində yaranmış gərginlik davam edir, qarşı tərəf xeyli sayda itki verib, vəziyyət Azərbaycan Ordusunun nəzarəti altındadır.