Cəlilabad rayonunda doğulub boya-başa çatan baş leytenant Kərimov Asif Məmməd oğlu hərb tariximizə Azərbaycan Ordusunun Vətən müharibəsində qəhrəmanlığı ilə seçilən zabitlərindən biri kimi düşüb.
“Report”un Muğan bürosu xəbər verir ki, Asif Kərimov 1989-cu ildə Cəlilabad rayonunun Ləzran kəndində doğulub. Orta məktəbi bitirdikdən sonra Neft Akademiyasında təhsil alıb.
Qardaşı Fəttah Kərimov deyir ki, Asifdə həmişə birinciliyə can atmaq istəyi var idi. Komandiri, şəhid general-mayor Polad Həşimov şəhid olduqdan sonra Asif daim əsəb, narahatlıq hissləri keçirirdi. Deyirdi ki, Ali Baş Komandanımız nə vaxt əmr versə, cəbhəyə gedərək döyüşlərə qoşulacam.
O, belə də edir. Sentyabrın 27-də Vətən müharibəsi başlayanda çoxları kimi Asif Kərimov da könüllü olaraq döyüşlərə qoşulur.
Cəsur baş leytenant nəinki Vətən Müharibəsinin gərgin döyüşlərində daim öndə olur, həm də fədakarlığı ilə qısa zamanda nümunəvi zabitlərdən birinə çevrilir.
Bir sıra ağır döyüşlərdən üzüağ çıxan zabitimiz ötən ilin noyabrında Şuşa ətrafında gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olub.
Asif Kərimov doğulduğu Ləzran kəndində torpağa tapşırılıb.
Cəsur zabitimiz göstərdiyi igidliklərə görə, “Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.
Asif Kərimov ailəli idi, 1 qız və 1 oğlu yadigar qalıb.
Allah rəhmət eləsin!