Bugün Azərbaycanın Milli Qəhrəmanı, Şəhid Naiq Nəsir oğlu Yusifovun doğum günüdür (05 yanvar 1970, Ağdam kəndi, Tovuz – 24 mart 1992, Koxa Nəbi, Tovuz). Şəhid Milli Qəhrəmanımızı ehtiramla yad edirik!
Naiq Yusifov 1987-ci ildə Ağdam kənd orta məktəbini bitirdikdən sonra Sovet Ordusu sıralarına çağırılıb. O, əsgəri xidmətini başa vurduğu dövrdə respublikamızda gərgin vəziyyət yaranmış, Azərbaycanın Ermənistanla sərhəd bölgələri, demək olar, nəzarətsiz qalmışdı. Həmin dövrdə hələ Milli Ordumuz təşəkkül tapmadığına görə sərhədlərdə könüllü özünümüdafiə dəstələri xidmət edirdi. Naiq də öz növbəsində Vətən borcunu yerinə yetirmək yolunda ilk addım kimi kənddə yaradılmış özünümüdafiə dəstəsinə yazılmışdı. Naiqin "Çənlibel" deyilən yerdə keçirdiyi ilk döyüşü uğurlu olmuşdu.
24 mart 1992-ci ildə Ermənistan silahlı quldur dəstələri Tovuz rayonunun Koxa Nəbi kəndinə hücuma keçincə, Naiq və silah yoldaşları özlərini ora yetirib, döyüşə atılır. Həmin gün Naiq döyüş yoldaşlarını mühasirədən xilas etmək üçün öz canını fəda edir. O, son nəfəsinədək döyüşərək, düşmənin xeyli canlı qüvvəsini zərərsizləşdirir.
Naiq Yusifovun həyat yolu haqqında illər öncə film çəkərkən də, evlərini dəfələrlə ziyarət edərkən də, ailəsinin qürurlu duruşunu gördük, doğmalarının Vətəncanlılığını gördüm.
Bugünlərdə şəhidimizin sevimli anası Xədicə xanım vəfat etdi. Şəhidimizə də, anasına da Tanrıdan rəhmət diləyirəm! Nur içində yatsınlar!