Ölkəmizdə ən çox alınan məhsullardan olan bəzi kolbasa və sosiskaların üzərində qeyd edilən məlumatlarla tərkibi uyğun gəlməyib.
RegionTV.info xəbər verir ki, donuz əti qeyd edilmədiyi halda bəzi kolbasa və sosiskalarda donuz əti, mal əti yazıldığı halda isə toyuq əti olduğu bilinib.
Bütün bu faktlar Qida Təhlükəsizliyi Agentlyinin kolbasa və sosiska məhsullarının monitorinqi zamanı üzə çıxıb.
Agentliyin şöbə müdiri Ramazan Nəbiyev “Xəzər Xəbər”ə bildirir ki, satışda olan 9 məhsulda nöqsanlar aşkarlanıb.
Monitorinq zamanı "Səhliyalı" firmasının "Servelat" kolbasasında mal əti qeyd edildiyi halda tərkibində toyuq DNT-si aşkarlanıb. "Kəndli" adı ilə satılan kolbasanın isə içərisindən bəyan edilmədiyi halda, donuz əti aşkarlanıb. "Köhnə Dad" adlı kolbasada,"Sevimli Dad" və "Halal 5+" sosisqalarında isə üzərində mal əti bəyan edilsə də, tərkibində mal DNT-si aşkarlanmayıb.
Agentlik üzə çıxarılan uyğunsuzluqlarla bağlı istehlakçılara xəbərdarlıq edib.
Agentlik tərəfindən uyğunsuzluq aşkarlanan məhsulların satış şəbəkələrindən geri çağırılması, məhdudiyyətlərin tətbiqi, inzibati məsuliyyət tədbirləri davam etdirilir.