Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev bu gün Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı elan etdi.
Maraqlıdır, Şuşanın məlum statusu sadəcə bu şəhərin deyil, bütövlükdə Dağlıq Qarabağın gələcəyinə, bu bölgədə elmin, mədəniyyətin, təhsilin, iqtisadiyyatım və s.-nin inkişafına necə təsir göstərəcək?
Millət vəkili Nəsib Məhəməliyev, baş verənlərin mühüm əhəımiyyətə malik olduğunu qeyd etdi:
“Prezident İlham Əliyevin Şuşa şəhərini Azərbaycanın mədəniyyət paytaxtı elan etməsi, hər bir azərbaycanlının ürəyincə oldu. İlk növbədə qeyd etmək yerinə düşər ki, başda Azərbaycan professional musiqi sənətinin banisi Üzeyir Hacıbəyli olmaqla, bir çox mədəniyyət xadimlərinin həyatı və yaradıcılığı Şuşa ilə bağlı olmuşdur. Təsadüfi deyil ki, el arasında Şuşa “Zaqafqaziyanın konservatoriyası” adlandırılırdı. Cənubi Qafqazda yeganə “Şərq musiqi alətləri” fabriki Şuşada yerləşirdi. Müxtəlif mədəniyyət festivalları keçirilirdi. Ancaq çox təəssüflər olsun ki, 1992-ci ildə bədnam qonşularımız tərəfindən işğal olunduqdan sonra, özlərini mədəni millət adlandıran, reallıqda isə, mədəniyyətin və insanlığın düşmənləri şəhərin tarixi-memarlıq abidələrini, muzeylərini məhv etdilər. Uzun illər ərzində saxta təbliğat aparmaqla Şuşanın ermənilərə məxsus olmasını isbatlamaq üçün süni xaçkarlar yapışdırmaqdan başqa heç bir tikinti quruculuq işləri aparılmadı.
Nəhayət, 28 ildən sonra tarixi ədalət zəfər çaldı. Ölkə Başçısı Şuşa azad olunduqdan dərhal sonra əksər mərkəzi icra orqanlarından ibarət işçi qrupunu ora göndərdi. Kommunikasiya xəttlərinin çəkilməsi ilə yanaşı, şəhərin tarixi yerlərinin, mədəniyyət abidələrinin inventarizasiya işlərinə başlanılmışdır. Füzulidən Şuşaya magistral avtomobil yolu çəkilir. Ümumiyyətlə, Qarabağın işğaldan azad olunan əksər ərazilərində minalardan təmizləmə, planlaşdırma üzrə intensiv işlər aparılır.
Şuşanın mədəniyyət paytaxtı statusuna malik olması, bütövlukdə Dağlıq Qarabağın iqtisadiyyatının, mədəniyyətinin, təhsilinin, səhiyyəsinin, idmanın, infrastrukturun inkişafında əhəmiyyətli rolu olacaqdır.
Yaxın zamanlarda hərtərəfli inkişaf etmiş, tarixi-memarlıq abidələri restavrasiya olunmuş, qədimliklə müasirliyi özündə əks etdirən dünya səviyyəli, turizm mərkəzinə çevrilmiş gözəl bir şəhərin şahidi olacağıq. Bütün dünya xalqımızın öz tarixinə, mədəniyyətinə olan münasibətini görəcəkdir. Ermənilərin cəhənnəmə çevirdiklərini cənnətə çevirməklə, hər iki millətin fərqini nümayş etdirmək isə, ən güclü təbliğatdır”.