“Bizə qəfildən əmr gəldi ki, döyüşə girməliyik, təlimə uyğun olaraq texnikalarımızla birgə döyüş mövqeyində məskunlaşdıq. Çox keçmədi ki, düşmən tərəfi bizi artilleriya atəşinə tutdu. Heç bir əsgər, döyüşçü qorxmurdu. “Dəymədi-dəymədi” adı ilə məşhurlaşan videonu da o zaman çəkdim”
Bunu Moderator.az-a Salyan şəhərindən döyüşlərə könüllü qatılan Əfqan Zamanov deyib. O, döyüşlərdə dəfələrlə ölümlə üz-üzə gəldiyini bildirib.
“Əsgərlərdə ruh yüksəkliyi ağlınıza gəlməyəcək dərəcədə idi. Təsəvvür edin ki, biri qolundan, digəri başından mərmi zədəsi alır, yenə də üzü gülür, əhval-ruhiyyəsini yüksək tutur. Bu videonu çəkəndə də 7-10 metrliyimizə qədər mərmi düşürdü. Amma heç kim qorxmurdu, bir əsgər də geri çəkilmirdi, əksinə, irəli gedirdi. Döyüşlərə gülə-gülə, zarafatlaşa-zarafatlaşa gedirdik. İnanmırdıq ki, o döyüşdən sağ çıxaq, hətta dostlarıma dedim ki, mən bu videonu çəkirəm, telefonumun kodunu da sizə verirəm. Telefonumu papağın içinə qoyub, qazıb torpağa basdırdım. Dedim ki, kim sağ qalsa, bunu götürər. Elə oldu ki, o cür ağır döyüşlərdən sağ çıxdıq” - deyə döyüşçü bildirib. Əfqan hal-hazırda da xidmətdə olduğunu bildirib.
“Hal-hazırda da xidmətdəyik, hər şey yüksək səviyyədədir. Düşməni cənab prezidentimizin də dediyi kimi iti qovan kimi qovmuşuq. Amma düşmən-düşməndir, ona görə də nəzarətimizi daha da gücləndirmişik” - deyə bildirib.
Qeyd edək ki, Əfqan Zamanov Fizuli, Zəngilan və Qubadlı uğrunda döyüşlərdə qəhrəmanlıq göstərib.