"Ermənistanın “humanitar böhran”, “blokada” iddiaları həqiqəti əks etdirmir".
RegionTV.info xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov aprelin 4-də Avropa Şurası (AŞ) Bakı ofisinin rəhbəri Petr Zix ilə görüşdər bildirib.
Nazir postmünaqişə dövründə regionda mövcud vəziyyət, Azərbaycan tərəfindən işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, bölgədə nəqliyyat və kommunikasiyaların açılması, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması istiqamətində Azərbaycan tərəfindən atılan addımlar barədə qarşı tərəfi ətraflı məlumatlandırıb.
Ermənistan tərəfinin öhdəliklərindən boyun qaçıraraq öz silahlı qüvvələrini Azərbaycan ərazilərindən çıxarmamasının, yalnız humanitar məqsədlər üçün istifadə olunan Laçın yolundan Azərbaycanın təbii sərvətlərinin daşınması, o cümlədən mina təhdidinin davam etdirilməsi məqsədilə istifadə etməsinin regionda sülh və təhlükəsizliyin bərqərar edilməsinə maneə olduğu diqqətə çatdırılıb.
Laçın yolu ətrafında Ermənistanın bu kimi qeyri-qanuni fəaliyyətlərinə etiraz edən Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin aksiyasına kölgə salmaq və beynəlxalq ictimaiyyəti yanlış yönləndirməyə hesablanan “humanitar böhran”, “blokada” iddialarının həqiqəti əks etdirmədiyi vurğulanıb.