RegionTV.info
Tariximizə qızıl hərflərlə yazılmış Vətən müharibəsindən sonrakı bərpa tədbirləri ilə yanaşı, hərbi əməliyyatlardan zərərçəkmiş insanlara, xüsusən də şəhid ailələrinə, qazilərə hərtərəfli qayğı Azərbaycan dövlətinin sosial siyasətinin əsas istiqamətlərindən biridir. Bu sahədə həyata keçirilən tədbirlər Daxili İşlər Nazirliyində də sistemli və ardıcıl xarakter daşıyır, bu məqsədlə bir sıra tədbirlər həyata keçirilir. Vətən Müharibəsi zamanı torpaqlarımızın azad olunmasında qəhrəmanlıq göstərmiş şəxslərə və onların ailə üzvlərinə xüsusi diqqət, qayğı ilə yanaşılır.
Bir müddət əvvəl 44 gün sürən Vətən müharibəsi zamanı torpaqlarımızın müdafiəsi və işğaldan azad olunmasında şücaət göstərən və qəhrəmanlıqla şəhid olan Ceyhun Abbasovun ailə üzvləri Daxili İşlər Nazirliyinin rəhbərliyinə müraciət edərək şəhidimizin övladı balaca Ərtoğrulun gələcəkdə polis olmaq arzusunda olması və yaxınlaşmaqda olan ad gününü polislərimizlə bərabər qeyd etmək istədiyini bildiriblər. Məsələ ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları dəhal müvafiq tədbirlər görməyə başlayıb. Mart ayının 29-da balaca Ərtoğrul və dostları üçün polis əməkdaşlarının iştirakı ilə ad günü əyləncəsi təşkil olunub. Əyləncədə azyaşlı vətəndaşların polis peşəsi ilə bağlı verilən suallar cavablandırılıb, gələcəkdə polis olmaq istəyən hər bir kəsin dərslərində müvəffəqiyyətli olmaları və fiziki sağlamlığın önəmi vurğulanıb. Tədbirin sonunda şəhid yadigarına müxtəlif hədiyyələr təqdim edilib, xatirə şəkilləri çəkdirilib.