RegionTV.info
Bir neçə gün bundan əvvəl Xətai rayonu 3 saylı uşaq evinin sakini olan yeniyetmə ilə bağlı xəbər təqdim etmişdik. O, uşaqlara yemək verilmədiyini, gətirilən ərzaqların mənimsənildiyini iddia etmişdi. Yeniyetmə sonradan Psixiatriya Xəstəxanasına yerləşdirilmişdi.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məsələyə münasibət bildirib. Qeyd edilib ki, qısamüddətli müalicədən sonra o, uşaq evinə qaytarılmayacaq, qardaşının himayəsinə veriləcək. Həmçinin haqqında iddialar səsləndirilən 3 saylı uşaq evi ilə bağlı monitorinq aparılacaq.
Xatırladaq ki, uşaq evinin sakini olan yeniyetmə sonradan ciddi davranış pozğunluğu iddiası ilə Respublika 1 Saylı Psixiatriya Xəstəxanasına yerləşdirilmişdi. Məsələnin ictimailəşməsindən sonra aidiyyəti dövlət qurumları hərəkətə keçiblər.
Xezerxeber.az-ın məlumatına görə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdirinin müavini Günel Nağdəliyeva bildirib ki, müəyyən araşdırmalar aparılıb. Yeniyetmə özünü normal hiss edir, nizam-intizam qaydalarına əməl edir, onda ciddi psixi pozuntular yoxdur. Sadəcə qısamüddətli müalicəyə tabe olacaq davranış pozğunluğu müşahidə edilir.
Səhiyyə Nazirliyi də yeniyetmə ilə bağlı səsləndirilən bu fikirləri təsdiqləyib. Onun adıçəkilən Psixiatriya Xəstəxanasında müalicə aldıqdan sonra 3 saylı uşaq evinə qaytarılmamasına qərar verilib.
Bir neçə gün bundan əvvəl 3 saylı uşaq evindən bildirilmişdi ki, yeniyetmə 12 yaşı olanda övladlığa verilibmiş. İlyarım sonra həmin ailə tərəfindən uyğunsuz davranışları səbəbindən məhkəmənin qərarı ilə geri qaytarılıbmış.
Günel Nağdəliyeva qeyd edib ki, yeniyetməni əvvəllər övladlığa götürmüş ailə ilə də danışıqlar aparıblar. Ailənin yeniyetmə ilə bağlı fikirləri müsbət olub.
Şöbə müdirinin müavini vurğulayıb ki, Komitə tərəfindən 3 saylı uşaq evində monitorinqlərin keçirilməsi nəzərdə tutulur.