Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Baltalanan qadının şok ifadəsi - Ərim evdə olmayanda idman zalında tanış olduğum kişi bizə gəlirdi

Qazax rayonunda 1981-ci il təvəllüdlü Əzim şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı 1982-ci il təvəllüdlü həyat yoldaşı Fərqanəni (adlar şərti verilib - red.) öldürməyə cəhd edib.

RegionTV.info-nun əldə etdiyi məlumata görə, Əzim 20 iyul 2022-ci ildə gecə saat 1 radələrində Qazax rayonunun kəndində yaşadığı evə gəlib.

Spirtli içki qəbul edib, yüngül dərəcəli sərxoşluq vəziyyətinə düşdükdən sonra rəsmi nikahda olduğu arvadı Fərqanənin ondan boşanmaq məqsədi ilə Qazax rayon məhkəməsinə müraciət etməsinə görə onunla mübahisə edib.

Mübahisə zamanı Əzim arvadının ona xəyanət etməsini, yüngül həyat tərzi sürməsini, artıq bir ər kimi onu qəbul etməməsini özünə sığışdırmayıb. Bundan hiddətlənərək Fərqanəni öldürmək qərarına gəlib.

Bu məqsədilə Əzim Fərqanəni yetkinlik yaşına çatmayan qızları ilə birlikdə yatdıqları otaqda tam yuxuya getməsinə əmin olduqdan sonra saat 03.30-da baltanı götürüb və yataq otağına daxil olub.

Döşəyin üzərində üzü üstə yatan və bu səbəbdən ona müqavimət göstərmək imkanı olmayan arvadına zərbələr endirib. Yuxudan oyanan qızlarının yalvarışlarına məhəl qoymayıb.

Əzim arvadına ümumilikdə 7 zərbə endirib və hərəkətsiz qaldıqdan sonra onun öldüyünü düşünüb.

Səs-küyə gələn qonşuların çağırışı ilə hadisə yerinə gəlmiş həkim briqadası tərəfindən Fərqanə vaxtında xəstəxanaya aparılıb, ixtisaslı tibbi yardım göstərildiyindən həyatı xilas olunub.

"Get öz həyatını yaşa, mən də öz həyatımı yaşayacağam"

İstintaq orqanı tərəfindən Əzimin barəsində Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) və 29, 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürməyə cəhd) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əzim ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

O bildirib ki, Fərqanə ilə 2006-cı ildə ailə həyatı qurub: "Həmin nikahdan bizim iki qızımız anadan olub. Ailə həyatı qurduqdan sonra birlikdə Qazaxın kəndində qardaşım Səlimə məxsus evdə yaşamışıq. Fərqanə ilə son bir ildə yola getməmişik və yaşadığımız evdə ayrı-ayrı otaqlarda yatmışıq.

Mənə qarşı soyuq münasibətinin səbəbini soruşduqda arvadım "get öz həyatını yaşa, mən də öz həyatımı yaşayacam" deyərək aqressiv cavab verib".

"Bu mənə çox pis təsir etdi"

Əzimin ifadəsinə görə, 2022-ci ilin əvvəlində xatırlamadığı tanışı zəng vurub və Fərqanənin ondan boşanmaq üçün məhkəməyə ərizə verdiyini deyib:

"Bir neçə gün sonra məhkəmədən mənə bildiriş gəldi. 2022-ci ili fevralında mənimlə qonşuluqda yaşayan əmim oğlu Vüsal Qazax şəhər sakini "Roma" kimi tanınan Sadiqin idarə etdiyi "VAZ-2106" markalı avtomobillə yaşadığım evə gəlib-getdiyini, arvadımın həmin maşında gördüyünü dedi. Bu mənə çox pis təsir etdi.

Arvadımdan soruşduqda, belə bir halın olmadığını dedi. Ona inanmadığım üçün "Roma" adlı şəxs barədə maraqlandım. Onun həqiqətən də "VAZ-2106" markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olduğunu öyrəndim".

"Tənbeh edəcəyini dedi"

Təqsirləndirilən şəxs qeyd edib ki, 2022-ci ilin martında, Novruz bayramından bir neçə gün əvvəl dəqiq xatırlamadığı gündə, saat 22 radələrində yataq otağında olan zaman Fərqanənin yatdığı digər otaqdan musiqi səsi eşidib:

"Otağa daxil oldum. Arvadımın telefonla oynadığı gördüm. Məni görən kimi telefonu yastığın altına qoymaq istəsə də, telefonu onun əlindən aldım. Ev paltarında küçəyə çıxaraq piyada digər kənddə yaşayan qayınatam Əligilə getdim.

Qayınatamın evinə çatan kimi arvadımın qardaşı Sahibi çağırdım. Ona bacısının telefonunu verdim və "mobil telefondan başım çıxmır, bax gör bacın kiminlə yazışır" dedim. Sahib telefona baxdı və özü Fərqanəni tənbeh edəcəyini dedi.

Həmin vaxt Fərqanə atasıgilə zəng vurdu və mənim orada olduğumu öyrəndikdən bir neçə dəqiqə sonra həmin yerə gəldi. Sahib bacısı ilə danışacağını dedi".

"Arvadımla münasibətlərim düzəlmədi"

Əzim qeyd edib ki, bundan sonra Sahib Fərqanə ilə birlikdə evin həyətinə çıxıb: "Onların sözlə mübahisə etdiyi eşitdim. Bir neçə dəqiqə sonra Sahiblə Fərqanə geri qayıtdı. Qaynım narahat olmamağımı, hər şeyi özü həll edəcəyini dedi. Evimə qayıtdım, lakin arvadımla münasibətlərim düzəlmədi. Fərqanə mənə qardaşının mobil telefonunu əlindən aldığı üçün işlətmədiyini dedi.

Amma bir neçə dəfə Fərqanənin xəlvət telefon işlətdiyini gördüm. Hər dəfə məni görən kimi telefonu gizlətdi. Telefonu axtarsam da, tapa bilmədim.

Fərqanə ayda bir neçə dəfə 1-2 gün evdən çıxaraq harasa gedirdi. Mənə anası və ya rəfiqəsi gilə getdiyini deyirdi. Bir neçə dəfə arvadımın valideynlərindən soruşanda Fərqanənin onların yanında olmadığını bildirdilər.

Fərqanədən harada olduğunu soruşanda məni nalayiq söyüşlər söydü, harada olmağının mənə heç bir dəxili olmadığını dedi".

"Öldürmək barədə fikirləşdim"

Əzimin ifadəsinə görə, Fərqanənin xəyanət etməsi və onu aldatmasına görə aralarında son zamanlar tez-tez mübahisələr olub: "İşdən evə gələn zaman Fərqanə məhkəməyə gedərək şikayət edəcəyini, məndən boşanmaq üçün işinin süni uzadıldığını, məndən iyrəndiyini, mənə nifrət etdiyini dedi. Arvadımın davranışı və bu cür hərəkətləri mənə çox pis təsir etdi. Bu səbəbdən onu öldürmək barədə fikirləşdim".

Təqsirləndirilən şəxs qeyd edib ki, işdən evə qayıdarkən yolda mağazadan özünə sosiska, yarım litrlik pivə və çörək alıb: "Yuyunduqdan sonra özümə yemək hazırladım. Evdə olan 250 qramlıq arağı içdim. Yemək hazırlayan vaxt Fərqanə ilə yenə də mübahisələrimiz oldu. Arvadım mənə "məhkəməyə gedib deyəcəm ki, mənim işimi tez həll eləsin, əks halda Ədliyyə Nazirliyinin qaynar xidmətinə məlumat verəcəm ki, mənim işimi uzadırlar" dedi.

Arvadıma yatmağı məsləhət görsəm də, mənimlə mübahisəni kəsmədi. Mən spirtli içki içməyə başlayanda arvadım məni təhqir elədi. Ona gec olduğundan qonşuların yatdığını və sabah söhbət etməyi təklif etdim, yenə də məni nalayiq söyüşlərlə söydü".

"Baltanı ona göstərib xəbərdarlıq etdim"

Təqsirləndirilən şəxs deyib ki, gecə saat 1 radələrində həyətdəki damda olan kiçik dəmir baltanı əlinə götürüb və Fərqanənin yatdığı otağa gedib: "Fərqanə döşəmənin üstünə qoyduğu döşəyin üstündə uzanmışdı. Böyük qızım anasının yanında, digər qızım isə həmin otaqdakı çarpayıda yatmışdı. Qızlarım yuxuda olsa da, Fərqanə oyaq idi.

Əlimdə olan kiçik ölçülü dəstəyi metal materialdan olan baltanı Fərqanəyə göstərdim, onu öldürəcəyim barədə xəbərdar etdim. Fərqanə isə yenidən məni nalayiq söyüşlərlə söydü. Dedi ki, həddin var, mənə əlin dəysin, mən bilirəm sən neynəyəcəm... Həmin sözlərdən sonra Fərqanəni öldürməyi qarşıma məqsəd qoydum.

Otaqdan çıxdım və evin eyvanında oturaraq yarım litrlik pivəni içdim. Təxminən saat yarımdan sonra Fərqanə və qızlarım yatan otağa keçdim. Fərqanənin tam dərin yuxuya getmədiyini gördüm. Qayıdıb öz otağımda uzandım. Həmin müddətdə beynimdə Fərqanəni balta ilə öldürəcəyim haqda fikirlər qurdum. Məhz buna görə tez-tez alışqanın işığı ilə divardakı saata baxmağa başladım".

"Otaqdan qaçdılar"

Əzimin ifadəsinə görə, gecə saat 03.30 olanda yenidən yerindən durub və Fərqanənin yatdığı otağa keçib: "Arvadım yataqda xoruldayırdı. Onun dərin yatmasından tam əmin oldum. Həyətə düşdüm, ağac doğramaq üçün istifadə olunan taxta dəstəkli baltanı götürdüm və sakitcə arvadımın yataq otağının qarşısına gəldim.

Otağın işığı söndürülmüşdü, yay olduğu üçün qapı həmişəki kimi açıq idi. Yataq otağının qarşısına çatanda sürətlə içəri daxil oldum və baltanın kəsici tərəfi ilə ilk olaraq üzü üstə yatan Fərqanənin bel nahiyəsinə, daha sonra sağ qoluna zərbələr vurdum. Qızım qışqırdı, Fərqanə də zərbənin təsirindən oyandı. Qızlarım otağın işığını yandıraraq otaqdan qaçdılar.

Fərqanə yerindən duraraq üstümə gəldi və otaqdan həyətə qaçdı. Mən də onun arxasınca qaçdım. Pilləkəndən aşağı düşən zaman balta ilə arvadımın sol qoluna zərbə vurdum.

Fərqanə həyətdə darvazaya tərəf qaçmaq istəsə də, ona çatdım, başının arxa nahiyəsinə balta ilə bir zərbə vurdum. O, həyətin ortasında yerə yıxıldı. Həmin vaxt balta ilə onun baş nahiyəsinə yenə bir dəfə, hər iki qollarına isə bir neçə zərbə vurdum".

"Dedim ki, həyat yoldaşımı öldürmüşəm"

Əzim qeyd edib ki, ümumi say dəqiq yadında qalmasa da, təxminən 7-9 zərbə vurub:

"Qızlarım artıq yola çıxmışdılar. Balaca qızım "mamam öldü" deyə qışqıraraq qonşuları köməyə çağırdı. Evin həyətində Fərqanə xırıldayaraq yerdə çabalamağa başladı. Sonra isə hərəkətsiz qaldı. Arvadımın başının üstündə gözlədim və hərəkətsiz qalanda onun öldüyünü fikirləşdim.

Qonşumuz həyətə gəldi və Fərqanəni yerdə qan içində gördü. O, qışqırmağa başladı. Mən baltanı pilləkənin yanına qoydum və yola çıxaraq istifadəmdə olan telefonla Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng etdim. Dedim ki, həyat yoldaşımı balta ilə öldürmüşəm.

Təxminən beş dəqiqə sonra təcili tibbi yardım avtomobili gəldi və Fərqanəni xəstəxanaya apardılar. Həmin vaxt fikirləşdim ki, Fərqanə vurduğum balta zərbələrindən sonra ölüb".

"Polisə getdim"

Təqsirləndirilən şəxs qeyd edib ki, istifadəsində olan mobil nömrəyə zəng gəlib: "Tanımadığım şəxs məndən ünvanı soruşdu. Mən də evin ünvanını izah etdim. Bir neçə dəqiqə sonra iki polis avtomobili evin qarşısına gəldi. Polis əməkdaşlarına həyat yoldaşım Fərqanəni öldürdüyümü dedim. Məndən Fərqanəni vurduğum baltanın harada olduğunu soruşdular. Baltanı onlara təqdim etdim.

Daha sonra polis əməkdaşları ilə birlikdə avtomobilə əyləşdim və Qazax rayon polis şöbəsinə getdim".

"Mənimlə və övladlarımla maraqlanmırdı"

Cinayət işi üzrə zərərçəkmiş qismində ifadə verən Fərqanənin sözlərinə görə, əri Qazax şəhərində kafedə ofisiant, özü isə dövlət qurumlarından birində xadimə işləyib:

"Əzimlə evliliyimizin ilk vaxtlarında münasibətlərimiz normal olsa da, son bir ildə yola getmirdik. Yaşadığımız evdə ayrı-ayrı otaqlarda yatırdıq.

Əzim kafedə işlədiyi üçün evə gecə saatlarında gəlirdi. Bir ailə başçısı kimi mənimlə və övladlarımla maraqlanmırdı. Evə lazımı ərzaqları almırdı. Kommunal xərcləri ödəmir, spirtli içki içirdi. Hər dəfə evə sərxoş gələndə mənimlə mübahisə etdiyi üçün bir qadın kimi ərimdən soyumuşdum. Məhz buna görə aramızda tez-tez mübahisə düşürdü".

"Cinsi əlaqədə olmuşuq"

Zərərçəkmiş qeyd edib ki, 2021-ci ilin ortalarında Əzimlə münasibəti artıq korlandığı və maddi cəhətdən kömək görmədiyi üçün dolanışıq məqsədi ilə özünə ikinci iş yeri axtarıb: "Həmin ərəfədə Qazax şəhərində idman zalına xadimə lazım olduğunu öyrəndim. Həmin zala getdim. Orada Qazax şəhər sakini və idman müəllimi Sadiqlə tanış oldum.

Sadiq idman zalının rəhbərliyi ilə danışdı və məni xadimə kimi işə götürdü. Sadiqlə səmimi münasibətimiz yarandı. Bir müddət sevgili münasibətində olduq. Sonra isə münasibətimiz dərinləşdi.

Əzim və uşaqlar evdə olmayanda Sadiq özünə məxsus avtomobillə evə gəlirdi. Uşaqlar məktəbdən evə gələnə qədər Sadiq mənimlə birlikdə yaşadığımız evdə olurdu. Artıq sevgi münasibətində olduğumuz üçün yaşadığım evdə cinsi əlaqəyə də girirdik. Lakin Sadiqi nə uşaqlarım, nə də Əzim görüb. Onlar gələnə qədər Sadiq çıxıb gedirdi".

"Hiss etdim ki, mənə inanmayıb"

Zərərçəkmiş qeyd edib ki, Sadiq hər dəfə onlara gələndə özünə məxsus avtomobili yaşadığı evin qarşısında küçədə saxlayıb və bütün qonum-qonşu onun evinə gəlməsini görüb: "Bu formada Sadiqlə artıq bir ilə yaxın sevgi münasibətində olmuşuq. O, tez-tez mənim yaşadığım evə gəlib-gedirdi.

Mənim Sadiqlə sevgi münasibətində olmağım barədə Əzimin qonşuluqda yaşayan əmisi oğlu 2022-ci ilin fevralında ərimə deyib. Ona görə də Əzim məndən Sadiqi tanıyıb-tanımadığımı soruşanda, ona yalandan həmin şəxsi tanımadığımı bildirdim. Lakin hərəkətlərindən hiss etdim ki, Əzim mənə inanmadı. Həmin vaxtdan etibarən Əzimdən tam soyudum.

Demək olar ki, biz ər-arvad olmamışıq. Sadəcə bir evdə yaşamışıq. Artıq ər-arvad kimi yola getmədiyimiz üçün 2022-ci ilin fevralında Qazax rayon Məhkəməsinə nikahın pozulması haqqında ərizə ilə müraciət etdim.

Əzim boşanma barədə məhkəməyə ərizə verdiyimi bildikdən sonra aramızda mübahisələrimiz daha da çoxaldı. O, barışmaq istədiyini dedi. Onunla razılaşmadım, ayrılmaq istədiyimi dedim".

"Ərimdən iyrənmişəm"

Fərqanə bildirib ki, 2022-ci ilin martında faktiki Əzimlə ailə münasibətində olmadığı üçün müstəqil həyat tərzi sürməyə başlayıb: "Həmin ərəfədə Tovuz rayon sakini Samirə ilə tanış oldum. Onun Tovuz şəhərində yerləşən mobil dükanında işlədim. Yaxın münasibətim yarandıqdan sonra ərim şübhələnməsin deyə özümə Samirənin adına yeni nömrə aldım. Daha sonra ikinci əl telefon da aldım.

Həmin nömrəni Əzimdən xəlvət işlədirdim. Əzim məniom telefon işlətməyimi bir müddət bilməyib. Lakin rəfiqəm Samirə ilə görüşmək üçün həftədə bir gün Tovuz rayonuna gedib-gəldiyim üçün Əzim artıq məndən şübhələnməyə başladı. Mən isə ona dedim ki, öz həyatını yaşa, mənim işimə qarışma. Çünki artıq ərimdən iyrənmişdim və bir ər kimi onu qəbul etmirdim.

Mobil nömrə aldıqdan sonra onu Sadiqə də verdim. Onunla həmin nömrə ilə əlaqə saxlayırdım".

"Pis yolda olmadığımı dedim"

Zərərçəkmiş qeyd edib ki, 2022-ci ilin mart ayının sonları gecə saatlarında Əzim işdən evə gələndə o, əlində telefonla kiminləsə danışırmış: "Əzim otağa daxil olanda mənim əlimdə telefonu gördü. Qəfil onu əlimdən aldı. Telefonu haradan əldə etdiyimi soruşanda mənə nalayiq ifadələr işlətdi. Telefon işlətməyimin ərimə heç bir aidiyyətinin olmadığını dedim.

Əzim qəzəblənərək telefonu götürdü və atamgilə getdi. Təxminən 15-20 dəqiqə sonra mən də atamgilə yollandım. Oraya çatanda Əzim artıq qardaşıma vəziyyəti izah edərək mənim ona xəyanət etdiyimi demişdi.

Qardaşım məni görən kimi telefonu götürdü və həyətdə qırağa çəkərək üstümə qışqırdı. Telefonda mənim el arasında "Roma" adlanan Sadiqlə danışığımı gördü. Qardaşım nəyə görə ərimə xəyanət etdiyimi soruşdu. Mən də Əzimdən boşanacağımı, bir ər kimi onu qəbul etmədiyim üçün Sadiqlə sevgi münasibətinə girdiyimi dedim. Qardaşım Əzimi sakitləşdirdi, evə yola saldı.

Daha sonra qardaşım nəyə görə mənim yüngül həyat tərzi keçirdiyimi soruşdu. Mən pis yolda olmadığımı, sadəcə Sadiqlə sevgi münasibətində olduğumu dedim. Qardaşım əsəbiləşərək mənim telefonumu üç gün özündə saxladı.

Həmin vaxtdan qardaşımla münasibətim kəsildi. Məlum hadisəyə qədər onu danışdırmamışam".

"Ayrı-ayrı otaqlarda yatmışıq"

Fərqanənin sözlərinə görə, üç gündən sonra telefonunu götürüb, yenə də Sadiqlə danışmağa davam edib: "Əzim evdə olmayanda Sadiq yaşadığım evə gəlib-gedirdi. Əzim telefon işlətməyimi bildikdən sonra tez-tez mənimlə mübahisə edirdi. Hətta bir neçə dəfə qonşularımız da səs-küyə bizə gəlmişdilər. Bir neçə dəfə Əzimin mənimlə mübahisə etməsinə görə polisə də şikayət etmişəm. Lakin hər dəfə yazığım gəldiyi üçün onu bağışlamışam.

Biz sadəcə sənəd üzərində ər-arvad olmuşuq. Faktiki isə yaşadığım evdə bir ildir ayrı-ayrı otaqlarda yatmışıq".

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Məhkəmənin hökmü ilə Əzim 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də