“Aİ-92 markalı benzinin və dizel yanacağının qiymət artımından sonra növbəti bahalaşma Aİ-95 markalı benzinin qiymətində gözlənilir”.
RegionTV.info-nun xəbərinə görə, bu barədə ekspert Qubad İbadoğlu məlumat verib.
Q.İbadoğlu bildirib ki, premium benzini bahalaşdırmaqla başlıca məqsədlərdən biri Aİ-92 markalı benzinin satışının azalmasının qarşısını almaqdır: “Son məqsəd SOCAR-ı yaranmış çətin durumdan çıxarmaqdır. Hazırda SOCAR-ın qazancının 68,3 faizi daxili bazarda formalaşır, ötən ilin 9 ayının nəticələrinə görə, SOCAR-ın ümumi gəlirləri 17 faiz azalıb. Odur ki, növbəti artımlar premium benzində, qazın limitli satışının ləğvində və ya limitdən aşağı qiymətinin bahaşmasında ifadə olunacaq. Xatırladım ki, SOCAR-ın xarici borc öhdəlikləri üzrə əsas ödənişləri 2022-23-cü illər üzrədir və orta illik borc ödənişləri 2 milyard dollar ətrafındadır. Hazırkı qiymət artımı və sonrakı bahalaşmalardan əldə olunan vəsaitlər SOCAR-ın özəlləşdirməyə çıxarmamışdan əvvəl borclarını ödəmək üçün əlavə maliyyə mənbəyi formalaşdırmağa xidmət edir. Ötən ilin 9 ayı ərzində istehsal edilmiş məhsulun satışından (sırf ticarət əməliyyatları istisna olmaqla) SOCAR-ın hesabına 4,1 milyard manat ümumi pul vəsaiti daxil olub ki, bunun da 2,8 milyard manatı (68,3 %) daxili bazarın, 1,3 milyard manatı (31,7 %) isə xarici bazarın payına düşür. 2019-cu ilin analoji dövrü ilə müqayisədə şirkətin istehsalat və xidmət fəaliyyətindən daxil olan vəsaitlər 863,7 milyon manat və ya 17 faiz azalıb. SOCAR-in 1 prezidenti, 1 birinci vitse prezidenti, 11 vitse prezidenti vardır. Prezident və vitse prezidentlərin köməkçi və müşavirlərinin birlikdə sayı 100-dən artıqdır”.
Xəbəri paylaş