Qazax Rayon Polis Şöbəsinin (RPŞ) təşkilatçılığı ilə rayonun Daş Salahlı kənd orta məktəblərində şagirdlərlə “Narkomanlığın cəmiyyətə və insanların sağlamlığına zərərli nəticələri”, “erkən nikah və onun fəsadları” və “dini radikalizmə qarşı mübarizə” mövzusunda görüş keçirilib.
DİN mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Qazax RPŞ-nin rəisi, polis polkovniki Sənan Əsədov çıxışında narkomaniya və psixotrop maddələrin yaratdığı problemlərdən və onların səbəb olduğu fəsadlardan danışaraq narkomaniyaya qarşı hüquq-mühafizə orqanlarının, o cümlədən polisin apardığı qətiyyətli mübarizə barədə ətraflı məlumat verib.
Qeyd edilib ki, respublikada narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi və satışına qarşı mübarizədə Daxili İşlər Nazirliyi, onun Baş Narkotiklərlə Mübarizə İdarəsi və ərazi polis orqanları mühüm vəzifələri yerinə yetirirlər. Tədbirdə erkən nikahlara qarşı sərt mübarizənin aparılmasının, təhsil müəssisələrində, ictimai yerlərdə, kütləvi informasiya vasitələrində davamlı izahat-maarifləndirmə və ictimai qınaq tədbirlərinin keçirilməsinin vacibliyi vurğulanıb, dini radikalizm və onun fəsadları, dini ekstremizmə və terrorçuluğa qarşı mübarizə metodları, ölkə qanunvericiliyinə uyğun olaraq həyata keçirilməkdə olan tədbirlərdən danışılıb. Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.