Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

İran nə üçün Suriyadakı səfirini Ermənistana göndərdi? - VİDEO

RegionTV.info

Ermənistan-Azərbaycan və İran-Azərbaycan münasibətlərində ciddi gərginlik yaşandığı bir vaxtda İran hakimiyyətinin atdığı bir addım yetərincə diqqət çəkməklə yanaşı, demək olar, birmənalı şərhlərə səbəb oldu.

Martın 30-da İran Xarici İşlər Nazirliyi bu ölkənin Ermənistandakı səfiri, ermənipərəst mövqeyi və bəyanatları ilə tanınan Abbas Bədəxşan Zühurinin öz postundan geri çağırıldığı və onun yerinə İranın Suriyadakı səfiri Mehdi Sübhaninin təyin olunduğu barədə məlumat yaydı.

Hazırda İtaliyada çalışan tanınmış iranlı siyasi təhlilçi Əbdürrəsul Divsalar özünün “Twitter” səhifəsində bu təyinata dalbadal iki statusla münasibət bildirib. Farsca yazdığı qısa postda o, təyinat barədə xəbəri paylaşaraq yazıb:“Bu təyinatdan asimmetrik hərbi addımların qoxusu gəlir!” İngilis dilində yazdığı digər tvitdə isə, Divsalar fikrini daha geniş ifadə edərək bildirib:

“İranın Dəməşqdəki sabiq səfiri Ermənistana göndərilib. O, “Sepah”ın Qüds qüvvələrinin nəzarətində olan vəzifəni tuturdu. Ermənistanın təhlükəsizlik xidmətinin təmsilçisi də İranın Azərbaycan-Ermənistan münaqişəsinə həlledici yanaşmasından danışır. Ola bilər ki, İran İrəvana asimmetrik təhlükəsizlik yardımını nəzərdən keçirsin!”

İranın yeni səfir təyinatına isti-isti verilən şərhlərin əksəriyyətini bir məqam birləşdirir: Suriyadakı İran səfirinin Ermənistana göndərilməsinin Bakıya açıq mesaj olması, İran rejiminin Azərbaycana qarşı nümayişkaranə addımı xarakteri daşıması. Tehranın son dönəmdə Cənubi Qafqaza yönəlik siyasətini, o cümlədən Azərbaycan əleyhinə getdikcə artan hərbi ritorikasını və hərəkətlərini nəzərə aldıqda, bu dəyərləndirmə heç də əsassız deyildir.
Mehdi Sübhaninin bioqrafiyası da onun təyinatının bəzi məqamlarını anlamağa kömək edir. 56 yaşlı Sübhani beynəlxalq münasibətlər üzrə təhsil alıb, bu sahədə doktorluq dərəcəsinə malikdir. İngilis və ərəb dilləri ilə yanaşı, Azərbaycan və rus dillərini də bilən Sübhani bundan öncə İranın Pakistanda, Ukraynada və Türkmənistandakı diplomatik nümayəndəliklərində çalışıb, eyni zamanda İran Xarici İşlər Nazirliyində idarə rəisinin müavini olub. 2021-ci ildə Suriyaya səfir təyin edilməzdən öncə isə o, nazirliyin Strateji Planlaşdırma və Monitorinq İdarəsinin rəisi olub. Sübhaninin tərcümeyi-halında ən diqqətçəkən məqam isə onun 1996-2000-ci illərdə İranın Azərbaycandakı səfirliyində əvvəlcə üçüncü, daha sonra ikinci katib vəzifəsində işləməsidir. Yəni Mehdi Sübhani əleyhinə fəaliyyət göstərmək üçün görəvləndiyi ölkəni, hər halda, yaxşı tanıyır.

Daha ətraflı “Azad İran” kanalında:


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də