Azərbaycanda “Toyota Prius” avtomobillərinin iştirakı ilə baş verən yol nəqliyyat hadisələrinin sayının artması müəyyən narahatlıqlar doğurur. Bəzi insanlar hesab edir ki, qəzaların səbəbi bu maşınların düzgün işləməməsi ilə əlaqəlidir. Əslində isə vəziyyət heç də belə deyil.
RegionTV.info-nun məlumatına görə, ekspert Elməddin Muradlı bildirir ki, “Toyota Prius” çox təhlükəsiz avtomobildir. Belə ki, bu model dünyada avtomobillərin təhlükəsizliyini ölçən məşhur NCAP şirkəti tərəfindən 5 ulduzla qiymətləndirilib.
“Prius” müasir təhlükəsizlik sistemlərinə, qəzaların qarşısını almaq üçün bir sıra təhlükəsizlik funksiyalarına və eləcə də zərərli maddələrin ətraf mühitə atılmasının qarşısını alan bir texnologiyaya sahibdir.
Həmçinin avtomobil 7 hava yastığı ilə təchiz olunub. Qəza əleyhinə yardımçı sistem toqquşmanın qaçınılmaz olduğunu təyin edərsə avtomobildə bu zaman avtomatik tormozlama baş verir. Həmçinin yaxın və uzaq işıqlarının avtomatik idarə edilməsi, yol xətlərinin tanınması, adaptiv kruiz kontrol, parklama zamanı maneələrin təyin edib avtomatik tormozlaması və hətta yarı avtomatik parklama texnologiyası da mövcuddur.
“Toyota Prius” avtomobillərinin ekologiyaya göstərdiyi təsirdən danışan Elməddin Muradlı insan həyatının təhlükə altında olmadığını bildirib: “1997-ci ildən bu yana dünya miqyasında 5 milyondan çox “Prius” avtomobili satılıb. Elə həmin ildən bu yana ekoloji cəhətdən təmiz avtomobil sayılan bu avtomobil dünya miqyasında 82 milyon ton zərərli CO2 tullantılarının ətraf mühitə atılmasının qarşısını alıb. Bu həqiqətən də insan sağlamlığı üçün böyük rəqəmdir”.
Qeyd edək ki, 2015-ci ildə aparılan araşdırmada hibrid avtomobil sürən şəxslərin 89%-i özlərini daha çox xoşbəxt və az stressli hesab ediblər.