RegionTV.info
Axşam saatlarında evinin qarşısında güllələnən deputat Fazil Mustafa əməliyyatdan çıxıb.
Bu barədə onun qardaşı oğlu Toğrul Mustafayev məlumat verib.
O bildirib ki, əməliyyat bitib və əmisinin vəziyyəti stabildir: “Çox şükür əməliyyatdan çıxdı. Hər şey yaxşıdır. Hələ ki Kliniki Tibbi Mərkəzdə müalicəsini davam etdirir. Hər hansı özəl xəstəxanaya köçürülməsini planlaşdırmırıq”.
***23:47
Bakının Sabunçu rayonunda yaşadığı evin qarşısında odlu silahdan açılmış atəş nəticəsində xəsarət alan Milli Məclisin deputatı Fazil Mustafa TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzə (KTM) gətirilib.
RegionTV.info xəbər verir ki, “Report”un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, deputat hazırda əməliyyat olunur.
Qeyd edək ki, Fazil Mustafaya sağ çiynin, sağ budun yuxarı üçdə birinin güllə yarası diaqnozu qoyulub.
Hazırda Kliniki Tibbi Mərkəzin qarşısında Milli Məclisin deputatları və ictimaiyyət nümayəndələri toplaşıb.
***23:21
Sui-qəsdə məruz qalaraq evinin önündə güllələnən millət vəkili Fazil Mustafa əməliyyat olunacaq.
Bu barədə onun qardaşı oğlu Toğrul Mustafayev məlumat verib.
“Güllə çiynindən və ayağından dəyib. Həyati riski yoxdur. Təcili əməliyyata alındı”, - deyə deputatın qohumu bildirib.
Qeyd edək Toğrul Mustafayev hadisəni kimlərin törətdiyi haqqında bir məlumatlarının olmadığını da deyib.
***23.08
Millət vəkili Fazil Mustafaya qarşı baş verən silahlı hücumla bağlı cinayət işi başlanılıb.
RegionTV.info xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov məlumat verib.
O, bildirib ki, polis və prokurorluq əməkdaşları tərəfindən hazırda zəruri istintaq və əməliyyat axtarış tədbirləri həyata keçirilir.
***22:55
Bu gün Bakıda yaşadığı evinin qarşısında güllələnən Milli Məclisin deputatı Fazil Mustafa sağ çiyin və sağ bud nahiyəsindən güllə yarası alıb.
RegionTV.info xəbər verir ki, deputata evində təcili tibbi yardım briqadası tərəfindən yardım edilir.
Qeyd olunub ki, deputatın həyatı təhlükəsi yoxdur, vəziyyəti qənaətbəxşdir.
***22:33
Milli Məclisin deputatı Fazil Mustafa güllələnib.
RegionTV.info xəbər verir ki, hadisə paytaxtın Zabrat qəsəbəsində qeydə alınıb.
Belə ki, deputat evinin qarşısında silahlı hücuma məruz qalıb. Nəticədə o, sağ çiyin və sağ bud nahiyələrindən güllə yarası alıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməliyyat-axtarış qrupu cəlb edilib, araşdırma aparılır.
DİN Mətbuat Xidmətindən bildirilib ki, hazırda əməliyyat-istintaq qrupu hadisə yerindədir. Hücumu törətməkdə şübhəli bilinən şəxsin axtarışı davam edir.