
Busaat.az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov deyib.
“Gördüyüm videoda bir bandit dəstəsi o birisini ifşa edir və bunu o qədər məharətlə edirlər ki, sadə vətəndaş əsla baş çıxarda bilməz, haqqın haqsızlığa qarşı mübarizə apardığını zənn edər. Bu iki dəstənin əməllərini araşdıran olsa aydın olacaq ki, dava yorğan davasıdır. Görünür ki, bir mafiya o biri mafiyanın nüfuz dairəsinə girib. Ən dəhşətlisi də odur ki, hər iki mafiya vaxtilə Ramiz Mehdiyev və Əli Həsənov dəstəsi tərəfindən yaradılıb, idarə edilirdi. İndi də yenə patronlarının rəğbətini qazanmaq üçün bir-birinin ifşasına girişiblər. Bunların kimliyini bilmək üçün peşəkar olmağa ehtiyac da yoxdur, sadəcə, onların idarəçiliyində olan sosial şəbəkədəki səhifələrini, qəzet, internet TV və saytlarını izləmək kifayətdir. İndi başa düşdüm ki, nə üçün vətəndaşlar heç kimin maddi maraqları olmadan ictimai fəaliyyət göstərmələrinə inanmırlar. Bunlar insanlarda inam hissini tamam öldürüblər. Onların ifşası da çox çətindir. Hər birinin əlində bəzən sifarişlərini yerinə yetirdikləri bossları haqqında kifayət qədər ifşaedici materialları var. Bunları ifşa etmək, siyasi, ictimai həyatdan silmək bandit dəstəsinin öhdəsindən gəlməkdən də çətindir”.
RegionTV.info