RegionTV.info
Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) icraçı direktoru Ketrin Rassel Əfqanıstana nəzarət edən “Taliban”ı qızların orta məktəblərdə oxumasına icazə verməyə çağırıb.
"Əfqanıstanın de-fakto hakimiyyətinin qızların orta məktəbə getməsinə növbəti dəfə mane olması dərin məyusedicidir. Bu əsassız və qeyri-uzaqgörən qərar bir milyondan çox qızın ümid və arzularını puça çıxarır və bütün ölkədə qızların və qadınların hüquqlarının pisləşməsinin davam etməsində daha bir qaranlıq mərhələdir”, - Rassel BMT-nin saytında bildirib.
Qeyd edək ki, bir gün əvvəl Əfqanıstan rəsmi olaraq yeni tədris ilinin başlandığını elan edib.
Hesabatda qeyd olunur ki, “Taliban” liderləri dəfələrlə, o cümlədən BMT nümayəndələrinə qızların və qadınların təhsilinə mane olmayacaqlarına dair söz veriblər. Amma bir neçə ildir ki, oxumaq hüququndan məhrum ediliblər.
UNICEF rəhbəri hesab edir ki, təhsil almaq imkanlarının olmaması uşaqların psixi sağlamlığına və rifahına, eləcə də bütövlükdə ölkənin gələcəyinə böyük ziyan vurur.
"Qız və yeniyetmələrin, o cümlədən imkanları məhdud olanların təhsil almaq hüququ var. Qızların təhsil almaq imkanından məhrum edilməsi ölkənin iqtisadiyyatı və səhiyyə sistemi üçün çox böyük fəsadlar törədəcək", - o vurğulayıb.
Əfqanıstan dünyada qızların təhsil ala bilmədiyi yeganə ölkədir. 2021-ci ilin avqustunda “Taliban” Əfqanıstanda hakimiyyəti ələ keçirdikdən sonra orta məktəblərdə qızların təhsili dayandırılıb.