Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

ABŞ Dövlət Departamentində Azərbaycan səfirliyinin təşəbbüsü ilə Novruz bayramı qeyd olunub - YENİLƏNİB/FOTO

ABŞ Dövlət Departamentində Novruz bayramına həsr olunmuş tədbir keçirilib.

RegionTV.info  xəbər verir ki, tədbir Azərbaycanın Birləşmiş Ştatlardakı Səfirliyinin təşəbbüsü, eləcə də diplomatik korpusumuzun Türkiyə, Qazaxıstan, Qırğız Respublikası, Türkmənistan, Özbəkistan və Tacikistanın bu ölkədəki səfirlikləri və "Amerika Xarici Xidmətinin Dünya üzrə Tərəfdaşları" ilə birgə təşkilatçılığı ilə baş tutub.

ABŞ-ın Amerika Universitetinin hüquq elmləri üzrə elmi işçisi, doktorant Şəlalə Vəliyevanın moderatorluğu ilə keçirilən tədbirdə çıxış edən dövlət katibinin müavini Vendi Şerman Prezident Cozef Baydenin türk dünyasına Novruz bayramı münasibəti ilə təbrik mesajını çatdırıb. O, Amerika adından bütün dünyada bayramı qeyd edən xalqları təbrik edərək, Novruzun yeni imkanlar üçün insanlara yeni nəfəs gətirdiyini qeyd edib. Həmçinin yeni ilin dünyamıza sülh və əminamanlıq gətirməsini diləyib.

ABŞ müdafiə nazirinin köməkçisinin müavini Rebekka Zimmerman da öz növbəsində qonaqları Novruz bayramı münasibəti ilə təbrik edib. O, Mərkəzi Asiya ölkələri və digər tərəfdaş türk dövlətlərinin regional əməkdaşlığın gücləndirilməsi, sülh və sabitliyin təşviq edilməsindəki töhfələrini yüksək qiymətləndirdiyini deyib. R.Zimmerman indi dünyamızın hər zamankından daha çox ədalət və sülh üçün birliyə ehtiyac olduğunu xüsusi vurğulayıb.

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin nümayəndəsi Anjali Kaur Novruz proqramını təşkil edən səfirliklərə təşəkkürünü bildirib və Birləşmiş Ştatların bu qədim tarixi olan bayramı keçirən ölkələrə ev sahibliyi etməsindən məmnunluğunu dilə gətirib. O, Novruzun ürəklərə istilik gətirərək birlik, müstəqillik və azadlıq kimi ülvi duyğuları özündə birləşdirdiyini deyib.

Çıxışlardan sonra Qazaxıstanın "Turan" ansamblı tərəfindən milli musiqi nümunələri ifa olunub.

Bununla yanaşı, tədbirdə ABŞ-ın "İpək Yolu Rəqs Qrupu" tərəfindən təşkilatçı ölkələrə məxsus milli rəqslər nümayiş etdirilib.

Tədbir zamanı, ölkəmizin Novruz adət-ənənələrinin nümayiş olunduğu guşədə milli mətbəximizin ləziz təamları qonaqlara təqdim olunub.

21.03.2023. 23:37

Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Türkiyə və Özbəkistanın ABŞ-dakı səfirlikləri Novruz bayramını birlikdə qeyd ediblər.

Bu barədə Azərbaycanın ABŞ-dakı səfirliyindən bildirilib.

Bununla bağlı keçirilən mərasimdə ölkələrin milli musiqisi və rəqsləri ifa olunub. Mərasimdə mədəniyyət nümunələri - xalçalar, musiqi alətləri, milli geyimlər, yeməklər nümayiş etdirilib.

“Novruz insanlar, nəsillər arasında sülh və həmrəylik, barışıq və mehriban qonşuluq dəyərlərini təbliğ edən əcdadların bayramıdır”, - səfirlikdən bildirilib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də