Bu il Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə ölkə üzrə meşə və qeyri-meşə sahələrində, ümumilikdə 3 milyon ağacın əkilməsi nəzərdə tutulub.
RegionTV.info xəbər verir ki, bu barədə Meşələrin İnkişafı Xidmətinin rəsmisi Vahid Fərzəliyev məlumat verib.
Xidmət rəsmisi xatırladıb ki, meşələrin əhəmiyyətini vurğulamaq, meşələrin mühafizəsini və yeni meşə əkinlərini təşviq etmək məqsədilə hər il 21 mart “Beynəlxalq Meşələr Günü” kimi qeyd olunur:
"Qlobal iqlim dəyişikliklərinin mənfi təsirlərinin yumşaldılması istiqamətində başlıca fəaliyyət kütləvi yaşıllaşdırma işlərinin aparılması və meşə sahələrinin genişləndirilməsindən ibarətdir. Bu baxımdan Azərbaycanda da intensiv olaraq meşəbərpa tədbirləri aparılır, yeni meşə massivlərinin yaradılması üçün ardıcıl ağacəkmə aksiyaları həyata keçirilir, ağac əkilməsinin, yaşıllıqların genişləndirilməsinin təşviqatı aparılır".
O bildirib ki, tək ötən il və bu ilin müvafiq dövrü ərzində ölkənin meşə fondu torpaqlarının 1 605 hektarında əkin və səpin işləri aparılıb:
"Bu il Ulu Öndərin anadan olmasının 100-cü ildönümü münasibətilə ölkə üzrə meşə və qeyri-meşə sahələrində, ümumilikdə 3 milyon ağacın əkilməsi nəzərdə tutulub”.
"Meşə fondu sahələrinin də builki əkin planı təsdiqlənib və bu il ölkə üzrə 1 050 hektardan artıq sahədə əkin və səpin işlərinin aparılması planlaşdırılır. Meşə sahələrinin və yaşıllıqların genişləndirilməsi işləri dünən, bu gün və sabah üçün prioritetdir" - V.Fərzəliyev əlavə edib.