Bu gün Xalq artisti Valeh Kərimovun 79 yaşı tamam olur.
RegionTV.info xəbər verir ki, Valeh Kərimov 1944-cü il martın 20-də İranın Şərqi Azərbaycan ostanının Miyana şəhərində doğulub.
1969-cu ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyoru fakültəsini bitirdikdən sonra öz aktyor taleyini həmişəlik olaraq Sumqayıt Teatrı ilə bağlayıb.
Valeh Kərimov bu teatrda 70-ə yaxın obraz yaradıb, rejissor kimi bir neçə tamaşaya quruluş verib.
1990-cı ildən Azərbaycan Teatr Xadimləri İttifaqının üzvüdür. 1990-cı ildə "Azərbaycan SSR Əməkdar artisti" adına layiq görülüb.
2000-ci ildə isə "Azərbaycan Respublikasının Xalq artisti" fəxri adına layiq görülüb, həmçinin Prezident mükafatı alıb.
Valeh Kərimov 2015-ci ildən etibarən Gəncə Dövlət Dram Teatrında aktyor və rejissor kimi fəaliyyət göstərir. 2020-ci ilin iyunun 4-də "Vaqif Səmədoğlu" medalı ilə təltif edilib.
Valeh Kərimov Loğman Kərimovun qardaşıdır. Həyat yoldaşı Zöhrə Bayram qızı Kərimova Sumqayıt şəhərindəki 20 saylı "Göy qurşağı" uşaq bağçasının müdiri olub, 30 may 2016-cı ildə vəfat edib.
Xalq artisti Bağdada putyovka var... (film, 2000), Bəxt üzüyü (film, 1991) - Moşu Göyəzənli, Milli bomba (film, 2004), Bəxt üzüyü 2 (film, 2017) kimi filmlərdə maraqlı obrazlar yaradıb.