Tərtər rayonunun işğaldan azad olunmuş Suqovuşan su anbarında görülən yenidənqurma və bərpa işləri, Birinci Dövlət Proqramı çərçivəsində əsas infrastruktur obyektlərinin təmir-bərpa və yenidənqurma layihələrinə uyğun olaraq həyata keçirilir.
RegionTV.info-nun verdiyi məlumata görə, su anbarının divarlarına beton örtüyün vurulması, oradakı bütün avadanlıqların əsaslı təmiri həyata keçirilir, magistral kanalda zəruri işlər görülür.
Eyni zamanda Suqovuşan su anbarı boyunca ilkin turizm infrastruktur obyektlərinin yaradılmasına başlanılıb. Burada Turizm İnformasiya Bürosu inşa olunur, sahilboyu park salınır, avtodayanacaq tikilir.
Martın 18-də İşğaldan azad edilən ərazilərə səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyev Suqovuşan su anbarında aparılan bərpa işləri və ondan çıxan magistral su kanalının əsaslı təmiri, həmçinin turizm obyektlərinin tikintisi ilə tanış olub.
Azərbaycanın Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Tərtər rayonunun Suqovuşan qəsəbəsində həmçinin inşa olunacaq yaşayış məhəlləsinin təməlqoyma mərasimində də iştirak ediblər.
Dövlət başçısına məlumat verilib ki, yaşayış məhəlləsinin ümumi sahəsi 2 hektardan çoxdur. Məhəllədə 25-i birotaqlı, 80-i ikiotaqlı, 75-i üçotaqlı, 10-u isə dördotaqlı olmaqla ümumilikdə 190 mənzil inşa ediləcək. Məhəllədə, həmçinin futbol, idman və uşaq meydançaları, transformator yarımstansiyası və digər zəruri infrastruktur obyektlərinin tikintisi nəzərdə tutulur. Burada həmçinin geniş yaşıllıq zolaqları da salınacaq.
Prezident İlham Əliyev yaşayış məhəlləsinin təməlini qoyub.
Prezident Suqovuşan qəsəbəsinə səfəri zamanı qəsəbənin tam orta məktəbində yaradılan şəraitlə tanış olublar. Məlumat verilib ki, məktəbin ərazisi bir hektar sahəni əhatə edir. Məktəbdə 12 sinif otağı var. Siniflərdə şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün, zəruri dərs vəsaitləri ilə təchiz edilib. Təhsil ocağında, həmçinin informatika kabineti, fizika, kimya və anatomiya laboratoriyası, kitabxana, 72 nəfərlik akt zalı və yeməkxana var. Məktəbdə internet, mebel-inventar və digər zəruri avadanlıqlar müasir tələblər səviyyəsində təchiz edilib. Təhsil ocağının həyətində abadlıq işləri görülüb, futbol, basketbol və açıq oyun meydançaları yaradılıb.