Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Talış kəndində daha 20 ailə bayramı ata-baba yurdunda qeyd edir

RegionTV.info

Uzun illərin həsrətindən sonra daha 20 ailə Novruz bayramını öz ata-baba yurdlarında qeyd edəcəklər. "Böyük Qayıdış" proqramına uyğun olaraq Talış kəndinə köçürülən ailələrdən biri də Səməd Qardaşxanoğlunun ailəsidir.

Səməd  müsahibəsində deyir ki, Talış kəndi işğal olunanda yaşı az olub. Çox şeyi xatırlamasa da, kəndi yaddaşından çıxarmayıb. Vətən sevgisi onları hərbçi olmağa sövq edib. 44 günlük Vətən müharibəsi başlayanda qardaşı ilə birgə ön xətdə döyüşənlərdən olub:

"Biz Tərtər istiqamətində xidmət edirdik. Ən çox ona sevinirdik ki, aprel döyüşlərində yarımçıq qalan işimizi tamamlayacağıq. Bir vaxtlar ağlayaraq göz yaşları içərisində tərk etdiyimiz kəndimizdən düşməni qovub torpaqlarımızı azad edirdik. Təbii ki, bunun sevinci başqadır".

Müsahibimiz ötən illər ərzində ata yurduna geri dönəcəklərinə ümidlərini itirmədiklərini deyir:

"Kəndimiz gözümün qarşısında hər zaman dumanlı olaraq canlanırdı. Müharibə başlayan günə qədər bütün xidmətim boyunca valideynlərim məndən hər dəfə yurdumuzu soruşanda Allaha dua edirdim ki, kəndimizin azad olunması şansını mənə nəsib etsin".

Talış kəndinin bir hissəsində ermənilərin dağıdıb xarabalığa çevirdikləri evlər, digər hissəsində isə abad və müasir tələblər əsasında yenidən qurulan və getdikcə gözəlləşən mənzərə var.

Səməd Qardaşxanoğlu deyir ki, kəndə gələndən məcburi köçkün həyatı yaşadığı günlərin əvəzini çıxmağa çalışır:

"Artıq bir neçə gündür ki, biz kəndimizə köçmüşük. Mən nə gecə yatır, nə də gündüz dincəlirəm. Bəlkə də bu, sizə qəribə gələcək. Nə qədər davam edəcəyini bilmirəm, amma mən kəndimizdən uzaq yaşadığım günlərin həsrətini canımdan çıxarmaq üçün doymadan buranın küçələrini gəzirəm. Bəzən mənə elə gəlir ki, kəndimizin hər qarışında şəhid olan hərbçi yoldaşlarım məni izləyir. Onlar bizim burda yaşadığımız anların xoşbəxtliyini hiss edirlər".


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də