Ermənistan Müdafiə Nazirliyi Azərbaycanla aparılan 44 günlük müharibədə ölən və itkin düşən erməni hərbçilərin həqiqi sayını açıqlamaqdan imtina edib.
“Pastinfo” saytının bununla bağlı Ermənistan Müdafiə Nazirliyinə göndərdiyi yazılı sorğuya cavab verilməyib. Belə ki, Müdafiə Nazirliyi Qarabağ müharibəsində ölən və itkin düşən erməni hərbçilərin həqiqi sayının dövlət və rəsmi sirr olduğunu bəyan edib.
“Azərbaycan tərəfində nə qədər erməni mülki girov, neçə hərbi əsir olduğu barədə məlumat istədik. Həmçinin, müharibə zamanı öldürülən erməni əsgərlərin sayına aydınlıq gətirilməsini xahiş etdik”,-deyə “Pastinfo” yazıb.
Nazirlik sualları cavablandırmaq üçün daha çox araşdırmaya ehtiyac olduğunu bildirib.
“Ölənlərin, itkin düşənlərin və əsirlərin sayı o qədər dəhşətlidir ki, mövcud rejim onu açıqlamaqdan qorxur”,-deyə “Pastinfo” yazıb.
Ermənistan Səhiyyə Nazirliyi 1 yanvar 2021-ci il tarixinə qədər 3330-dan çox hərbçinin cəsədi üzərində məhkəmə-tibb xidmətinin ekspertiza apardığını bəyan edib. Bu ekspertiza onların tanınması üçün aparılıb.
Ümumiyyətlə isə Ermənistanda həlak olan hərbçilərin adlı siyahısı rəsmən elan olunmayıb.