Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bakıda təmizlik və abadlıqla bağlı ümumşəhər daxili iməcliyi keçirilir

Bakı Şəhər İcra Hakimiyyətinin qərarına uyğun olaraq yaz mövsümü ilə əlaqədar paytaxt ərazisində təmizlik və abadlıqla bağlı ümumşəhər daxili iməcliyi keçirilir.

RegionTV.info  xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyəti qurumlarının əməkdaşlarının iştirakı ilə səhər saatlarından başlanan iməclik paytaxtın bütün rayonlarını əhatə edir. İməclik zamanı paytaxtın kommunal xidmətləri tərəfindən şəhərdə prospekt və küçələrin, səki kənarlarının, bordyurların və buradakı işıq dirəklərinin, yol kənarındakı məhəccərlərin, bir sıra binaların fasadlarının, park və istirahət yerlərində oturacaqların yuyulması həyata keçirilir.

İməclikdə həm də prospekt və küçələr boyunca yerləşən ictimai iaşə, ticarət və digər obyektlərin vitrinləri, köşklər və avtobus dayanacaqları yuyulub, ətrafı təmizlənib. İctimai iaşə, mağaza və digər obyektlərin əməkdaşları öz obyektlərinin fasad və vitrinlərinin yuyulması, onların qarşısında səliqə-səhman yaradılması işlərində fəallıq göstərirlər. Həmçinin Bakı Şəhər İcra Hakimiyyətinin çağırışına qoşulan müəssisə, idarə və təşkilatların kollektivləri, şəhər sakinləri də bu iməclikdə yaxından iştirak edirlər.

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi əməkdaşları tərəfindən əsas magistral yol və prospektlərin kənarlarındakı ağacların dibi yumşaldılır, qurumuş budaqları budanır, həmişəyaşıl ağaclar yuyulur. Eyni zamanda, şəhər ərazisində Abşeron iqliminə uyğun yeni ağaclar, kollar, güllər əkilir, yaşıllıq zolaqları və parklarda qazon örtüyünün yenilənməsi aparılır.

Bakı Şəhər İcra Hakimiyyəti kommunal təsərrüfat xidmətlərinin texnikası əsas küçə və prospektlərin yuyucu maddələrlə yuyulmasını aparır, əməkdaşlar tərəfindən balansda olan yaşayış binalarında, həyət və yaşayış məhəllələrində, məişət tullantılarının atıldığı konteyner meydançalarının ətrafında əlavə təmizlik işləri görülür.

İməclik tədbirləri gün ərzində paytaxtın bütün rayonlarında keçirilir və şəhərin təmizliyinin lazımı səviyyədə saxlanılması üçün tələb olunan bütün tədbirlər mütəmadi olaraq davam etdiriləcəkdir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də