Abşeron Rayon Məhkəməsində xuliqanlıq etməkdə təqsirləndirilən Orxan Vəliyevin (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
RegionTV.info xəbər verir ki, hakim Vaqif Həsənovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə onun qazancından dövlət nəfinə 15 faiz pul tutulmaqla Orxan Vəliyev 9 ay müddətinə islah işləri cəzasına məhkum edilib.
İttihama görə, hadisə 25 iyun 2022-ci il tarixdə, saat 20 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 67 ünvanında yerləşən kafenin qarşısında qeydə alınıb.
Belə ki, 1987-ci il təvəllüdlü Orxan Vəliyev kafenin qarşısında zərərçəkmiş Əlimərdan Orucəlizadənin avtomobilini saxlamasından narazı qalıb. Daha sonra o, zərərçəkmişə nalayiq ifadələr işlədib, yumruqla iki dəfə onun baş və sinə nahiyələrinə qəsdən vuraraq yerə yıxıb. Nəticədə Orxan Vəliyev Əlimərdan Orucəlizadənin üst dodağını partladaraq ona xəsarət yetirib.
Polis əməkdaşları tərəfindən saxlanılan Orxan Vəliyev barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Orxan Vəliyev məhkəmədə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. Təqsirləndirilən şəxs ifadəsində göstərib ki, həmin obyekti icarə müqaviləsi əsasında kafe kimi işlədir.
Zərərçəkmiş Əlimərdan Orucəlizadə kafe ilə üzbəüz yolun digər tərəfində yerləşən plastik qapı-pəncərə sexində usta işləyir, aralarında əvvəllər hər hansı münaqişə olmayıb.
Orxan Vəliyev söyləyib ki, zərərçəkmişlə davaya səbəb Əlimərdan Orucəlizadənin avtomobilini onun kafesinin qarşısında saxlaması olub.