Türkmənistan Xalq Məsləhətinin sədri, ölkənin keçmiş Prezidenti Qurbanqulu Berdiməhəmmədov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Nobel sülh mükafatına namizədliyinin irəli sürülməsini təklif edib.
RegionTV.info xəbər verir ki, o, bu barədə Türk Dövlətləri Təşkilatının (TDŞ) Ankarada keçirilən sammitində çıxışı zamanı bəyan edib.
Berdiməhəmmədovun sözlərinə görə, görkəmli şəxsiyyət və dünya səviyyəli siyasi xadim olan Ərdoğanı artıq 22 ildir yaxından tanıyır.
Onun fikrincə, Türkiyə Prezidenti tək öz xalqı üçün deyil, həm də bütün müsəlman xalqlarının sülh şəraitində yaşaması üçün böyük işlər görür.
"Ərdoğan regionda və dünyada sülh və təhlükəsizliyin, davamlı inkişafın və beynəlxalq münasibətlərdə qarşılıqlı anlaşmanın təmin edilməsi istiqamətində böyük işlər görür. Bunun əsasında Türkiyə Respublikası prezidentinin Nobel Sülh Mükafatına namizədliyinin irəli sürülməsini təklif edirəm. Biz bütün müvafiq təklifləri tam dəstəkləyirik. O, bu beynəlxalq mükafata layiq liderdir", - Türkmənistanın eks-rəhbəri deyib.