Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycanda uşaq bağçasında qida zəhərlənməsinin olması ilə bağlı yayılan məlumat araşdırılıb

Sosial şəbəkədə Mingəçevir şəhər 11 nömrəli körpələr evi uşaq bağçasında qida zəhərlənməsi olduğu ilə bağlı məlumat yayılıb.

RegionTV.info-nun məlumatına görə, məsələ ilə bağlı Mərkəzi Aran Regional Təhsil İdarəsindən apa-ya bildirilib ki, martın 10-da Mingəçevir şəhər 11 nömrəli körpələr evi uşaq bağçasında qida zəhərlənməsinin olması barədə sosial mediada yayılan məsələ ilə bağlı araşdırma aparılıb:

“Bildiririk ki, Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində olan və Mingəçevir şəhərində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin qida təminatı gündəlik olaraq eyni menyu və yüksək keyfiyyət ilə təmin olunur.

Araşdırma zamanı müəssisə rəhbərinin təqdim etdiyi yazılı izahata əsasən aydın olub ki, 10 mart 2023-cü il tarixində körpələr evi uşaq bağçasında 120 nəfər uşaq təhsilə cəlb olunub və həmin uşaqlar eyni vaxtda eyni qida ilə qidalanıblar.

Onlardan 3 uşağın axşam saatlarında yaşadıqları mənzildə səhhətində proplemin olduğu uşaqların valideynləri tərəfindən müşahidə olunaraq, bunun məktəbəqədər təhsil müəssisəsində gündəlik verilən qida ilə bağlı olduğu ehtimal olunub və bununla bağlı olaraq Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına müraciət ediblər.

Məsələ ilə bağlı Mingəçevir şəhər Mərkəzi Xəstəxanasından təqdim edilən şifahi məlumatda xəstəxanaya səhhətində olan problemlə bağlı müraciət etmiş 3 uşaqda qida zəhərlənməsinin olmasının aşkarlanmadığı bildirilib.

Daha sonra cari tədris həftəsinin ilk iş günü həmin valideynlərdən ikisindən müvafiq yazılı məlumat alınıb və onlar məlumatlarında uşaqların qidadan zəhərlənmədiyi, onların səhhətlərində olan problemin mövsümi kəskin respirator xəstəliklərlə (qrip) əlaqəli olduğunu bildiriblər.

Hazırda məsələ ilə bağlı Hüquq mühafizə orqanlarında və Mərkəzi Aran Regional Təhsil İdarəsində araşdırmalar davam etməkdədir”.

Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, qeyd olunan məsələ ilə bağlı AQTA-ya hər hansı məlumat daxil olmayıb:

“Sosial şəbəkə hesabında yayılmış məlumatın Agentlik əməkdaşları tərəfindən araşdırılması nəticəsində yayılan xəbərlə bağlı fakt öz təsdiqini tapmayıb.

AQTA bu kimi yanlış məlumatların bir daha yayılmaması üçün vətəndaşları zəhərlənmə halları ilə bağlı yalnız aidiyyəti dövlət orqanları tərəfindən təsdiq olunmuş rəsmi məlumatlara etibar etməyə, kütləvi informasiya vasitələrini isə bu cür xəbərləri yaymazdan əvvəl müvafiq dövlət qurumları ilə məlumatı dəqiqləşdirməyə çağırır”.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də