“Yəqin bilirsiniz ki, bizim qonşuluğumuzda sanksiyalardan yayınma kimi qanunsuz fəaliyyətlə məşğul olanlar var. Belə məlumatlar mövcuddur. Həmin ölkənin ingilis dilində adı da “A” ilə başlayır, lakin bu Azərbaycan deyil. Bu, sirr deyil, bütün rəqəmlər bəllidir. Biz gözləyirik ki, onlara bu əməllərinə görə sanksiyalar tətbiq olunsun. Yaxud ümumiyyətlə, buna görə onlara sanksiya tətbiq ediləcəkmi? Müxtəlif dövlətlərin nüfuzlu rəsmi nümayəndələrinin dediklərinə nəzər salsanız anlayarsınız ki, bu çirkli bizneslə kim məşğul olur”.
RegionTV.info xəbər verir ki, bunu Prezident İlham Əliyev martın 13-də Berlində Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşü zamanı “ODDO BHF” maliyyə qrupunun baş regional meneceri Yevgeni Epifanovun müraciətinə cavab olaraq deyib.
Dövlət başçısı deyib ki, Azərbaycan bu işlə məşğul deyil: “Bu prosesin ilk günlərindən mənim bununla bağlı təlimatım aydın olub - paralel idxala və sanksiyalardan yayınma üçün hər hansı fürsətə imkan verilməsin. Biz qanuna tabe ölkə və xalqıq. Bizim başağrısına və çirkli pullara ehtiyacımız yoxdur. Əldə etdiyimiz vəsait özümüzə kifayətdir və biz maliyyə bazarlarında da müsbət imicimizi qoruyuruq. Siz qeyd etdiniz ki, Azərbaycanda müəyyən vaxt keçirmisiniz. Ümid edirəm ki, həmin dövrdən zövq almısınız”.
Azərbaycan Prezidenti qeyd edib ki, ölkəmizin bank sektorunda olduqca ciddi problemlər var idi:
“Onlardan biri Azərbaycan Beynəlxalq Bankı ilə bağlı idi ki, bu, az qala Azərbaycanın maliyyə sisteminin dağıdılması cəhdi idi. Bu, məqsədyönlü təxribat idi və sadəcə, dövlət vəsaitinin oğurlanması deyildi. Bu, Azərbaycanın maliyyə sisteminin dağıdılması cəhdi idi. Bizim bunun arxasında kimlərin dayanması ilə bağlı müəyyən mənada təsəvvürümüz var.
Burada böyük təmizləmə işləri aparıldı və zənnimcə, nəhayət ki, prosesin sonuna çatmışıq. Beləliklə, Azərbaycanın bank sektoru heç vaxt olmadığı qədər sağlamdır. Mərkəzi Bankdan mənə verilən əlavə məlumata görə, hələ də müəyyən həll edilməli məsələlər var. Lakin əminəm ki, tezliklə Azərbaycanın bank sistemi regionun ən şəffaf və səmərəlilərindən biri olacaq”.