Ukrayna Prezidenti Volodimir Zelenski əsas diqqətin hazırda qızğın döyüşlərin getdiyi Donetsk vilayətinin Baxmut şəhəri istiqamətinin gücləndirilməsinə yönəldiyini açıqlayıb.
RegionTV.info xəbər verir ki, bu barədə dövlət başçısı ənənəvi axşam videomüraciətində danışıb.
“Qərargahın (Ali Baş Komandanın Qərargahı – red.) toplantısını keçirdim. Baş Komandan, kəşfiyyat, istiqamət komandanlarının məruzələri. Əsas diqqət “Xortitsa” qoşunların operativ-strateji qruplaşması və Baxmut üzərindədir. Bütün Qərargahın aydın mövqeyi var: bu istiqaməti gücləndirmək, işğalçıları maksimum məhv etmək”, - Ukrayna lideri vurğulayıb.
Xatırladaq ki, Baxmut uğrunda döyüşlər hələ ötən ilin avqustunda başlayıb. Cari ilin yanvar ayından döyüşlərin intensivliyi artıb. Şəhərin böyük hissəsi Ukrayna hərbçilərinin nəzarəti altında olsa da, “Vaqner” özəl hərbi şirkətinin muzdlularının simasında Rusiya qüvvələri tədricən irəliləməyi bacarıblar.
Şəhər və onun ətrafı hər iki tərəf üçün böyük strateji və mənəvi önəm daşıyır. Müharibənin ilk günlərindən atəşə tutulmağa başlayan Baxmut faktiki olaraq “kabus şəhərə” çevrilib.