
Ragiontv.info xəbər verir ki, o, 66 yaşında koronavirus infeksiyasından dünyasını dəyişib.
Qeyd edək ki, E.Ələsgərov 1955-ci il mart ayının 14-də Bakı şəhərində ziyalı ailəsində anadan olub.
O, Bakı şəhər 150 saylı orta məktəbi 1972-ci ildə bitirib. Ali təhsilini Azərbaycan Texniki Universitetində alıb, rabitə-mühəndisi olub. “Azon” elmi-tədqiqat institutunda və Azərbaycanın Təhlükəsizlik orqanlarında calışıb. Minsk şəhərində yerləşən “Ali məktəbin” məzunudur. 1987-ci ildə Azərbaycan Xarici ölkələrlə mədəni əlaqələr “Dostluq” Cəmiyyətinin, 1988-ci ildə isə Xarici Ölkələrlə Mədəni Əlaqələr Cəmiyyəti – “Vətən” Cəmiyyətinin sədr müavini vəzifəsində işləyib.
E.Ələsgərov Qarabağ müharibəsinin iştirakçısı olub, hərbi rütbəsi polkovnikdir. 2000-2015-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən xarici ölkələrə dəfələrlə uzun müddətli ezamiyyətlərə göndərilib. 2000-2006-ci illərdə Türkiyənin paytaxtı Ankarada və 2008-2015-ci illərdə Niderland Krallığının Haaqa şəhərindəki Azərbaycan Respublikasının səfirliklərində diplomat kimi çalışıb.
O, “Qafqaz Albaniyası” və “Qafqaz”Araşdırma Mərkəzlərinin təsisçisi olub. Azərbaycan Xüsusi Xidmət Orqanlarının Veteranları İctimai Birliyinin və Yazıçılar Birliyinin üzvü, 2 kitab, 200-dən çox məqalənin müəllifidir. “Əli və Nino” romanı haqqında Azərbaycanda aparılan ilk elmi araşdırmasına görə, ona filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilib.
Allah rəhmət eləsin!
