Bu ilin dövlət büdcəsində Mərkəzi Seçki Komissiyasına 21 milyon 291 min 868 manat ayrılıb. Bu vəsaitin 5 milyon 251 min 155 manatı 2021-ci ildə seçici siyahılarının dəqiqləşdirilməsi xərclənəcək.
APA-nın məlumatına görə, seçki qanunvericiliyinə əsasən, yanvar ayının əvvəllərindən etibarən Azərbaycan Respublikası üzrə vahid seçicilər siyahısının tərtib olunması prosesinə başlanılacaq.
Vahid seçicilər siyahısının tərtib edilməsi ilkin olaraq məntəqə seçki komissiyaları tərəfindən aparılacaq.
Bu proses məntəqə seçki komissiyaları tərəfindən qanunla nəzərdə tutulmuş müddətdə seçki məntəqələrinin hüdudlarında həyata keçiriləcək. Seçki Məcəlləsinin tələblərinə əsasən, məntəqə seçki komissiyaları məntəqə üzrə tərtib edilmiş seçici siyahılarını fevralın 5-dən gec olmayaraq müvafiq dairə seçki komissiyalarına təqdim etməlidir. Dairə seçki komissiyaları isə müvafiq seçki dairələri üzrə ilkin seçici siyahılarını aprelin 5-dək MSK-ya təhvil verəcək. MSK da öz növbəsində vahid seçicilər siyahısının ölkə üzrə tərtib edilməsini həyata keçirəcək.
Bu prosesə ən gec may ayının sonuna qədər yekun vurulacaq və ölkə üzrə yenidən tərtib olunmuş vahid seçicilər siyahısı MSK-nın rəsmi internet səhifəsində yerləşdiriləcək.