RegionTV.info
Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Göytəpə” və “Lənkəran” sərhəd dəstələrinin əməkdaşları tərəfindən 24 kiloqram 130 qram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.
Bu barədə DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.
Bildirilib ki, mart ayının 13-ü saat 21:55-də keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində Xidmətin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Yardımlı rayonunun Deman kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədini pozmağa cəhd edən Azərbaycan vətəndaşı Dadaşov Novruz İbrahim oğlu saxlanılıb.
Saxlanılan şəxsin üzərinə keçirilən baxış zamanı 1 ədəd bağlamada ümumi çəkisi 5 kiloqram 980 qram narkotik vasitə aşkar olunaraq götürülüb.
Mart ayının 14-də saat 05:30-da “Lənkəran” sərhəd dəstəsinin Astara rayonunun Ərçivan kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən naməlum şəxslərin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmaları müşahidə edilmişdir.
Aparılmış əməliyyat tədbirləri nəticəsində 99-DK-727 dövlət nömrə nişanlı “Mitsubishi” markalı avtombillə ərazidən uzaqlaşmağa cəhd edən Bakı şəhər sakinləri Həsənov Kamil İlyas oğlu və Mirzəyev Novruz Tofiq oğlu saxlanılmışlar.
Avtomobilə baxış zamanı 2 ədəd bağlamada ümumi çəkisi 18 kiloqram 150 qram narkotik vasitə aşkar olunaraq götürülmüşdür.
Qeyd olunan faktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.