RegionTV.info
Fransa hökuməti bütün gücü ilə Korsikada identikliyin bütün formalarının təzahürlərinə tədricən qadağalar tətbiq edərək, insanları susdurmağa çalışır.
Parisdə düşünürlər ki, Korsikan dilinin istifadəsinin qadağan edilməsi onlara adanın sakinlərini tezliklə Beşinci respublikanın siyasi həyatına inteqrasiya etməyə kömək edəcək və bununla separatizmin bütün təzahürlərinin qarşısını almaq mümkün olacaq. Lakin Parisdə yaxşı başa düşmürlər ki, onların bu əsas səhvi təkcə ölkədə separatizmin inkişafını gücləndirmir, həm də müxtəlif qruplar arasında fikir ayrılığını artırır. Məsələn, Fransada ayrı-ayrı siyasi xadimlərin də tez-tez təbliğ etdikləri islamofobiyanın yüksək səviyyəsi ona gətirib çıxarıb ki, bu ölkədəki 20 milyon müsəlman öz üzərində daim ayrı-seçkilik hiss edir və əlbəttə, bununla barışmaq istəmir. Bu fikirləri AZƏRTAC-a Azərbaycanın Rus icmasının sədr müavini, jurnalist və politoloq Anastasiya Lavrina Korsika deputatlarına yerli parlamentdəki müzakirələrdə öz doğma dilindən istifadənin qadağan edilməsi ilə bağlı məhkəmə qərarını şərh edərkən deyib.
A.Lavrina əlavə edib: “Avropa İttifaqının üzvü və BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Fransa həmişə beynəlxalq hüquq normalarını pozur. Fransadakı erməni lobbisinin maraqlarını rəhbər tutan bu ölkənin hökuməti Azərbaycanı Qarabağda yaşayan etnik ermənilərin hüquqlarını təmin etməyə çağırır, amma öz vətəndaşlarının, müxtəlif etnik qrupların, korsikalıların hüquqlarını qəddarcasına pozur. Mənə elə gəlir ki, multikulturalizmin çox yüksək səviyyədə olduğu dünyəvi dövlət olan Azərbaycandan nümunə götürmək Fransa üçün çox faydalı olar. Azərbaycanda doğma dillərində danışa bilən, öz bayramlarını qeyd edən, öz mədəniyyətini təbliğ edən, amma bununla yanaşı, vahid cəmiyyətin bir hissəsi olan bir çox etnik qruplar yaşayır”.
Politoloq xatırladıb ki, Azərbaycan Qarabağdakı etnik erməniləri öz vətəndaşları kimi tanıyır və onların cəmiyyətə inteqrasiya etmək hüququnu təmin etməyə hazırdır: “Xalq kədərdə də, sevincdə də birlikdə olmalıdır. Bu, yalnız xalqın dövlət tərəfindən qayğı hiss etdiyi zaman mümkündür. Belə ki, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan xalqı Prezidentimizin rəhbərliyi altında vahid yumruq kimi birləşdi və döyüş meydanında öz birliyinin nümayiş etdirdi. Ona görə də Fransa Azərbaycanın hərəkətlərini tənqid etməkdən əvvəl öz əhalisinə münasibətdə törətdiyi əməllər üzərində düşünməli və səhvlərini aradan qaldırmağa çalışmalıdır”.