RegionTV.info
Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Qəbələ rayonunun Vəndam qəsəbəsi yaxınlığında meşəlik ərazidə baş vermiş yanğın geniş sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Yanğın nəticəsində 2 hektar sahədə qurumuş ağaclar, kötük, kol-kos və xəzəl yanıb. Sıx meşəlik ərazi yanğından mühafizə olunub.
Yanğınla mübarizə tədbirlərində FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Qəbələ Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları iştirak edib.
***17:31
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qəbələ rayonunun Vəndam qəsəbəsi yaxınlığında meşəlik ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə FHN-in mətbuat xidmətindən bildirilib.
Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Qəbələ Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin səyi nəticəsində yanğın geniş əraziyə yayılmasına imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.
Hazırda yanğının tam söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.
Yanğınla mübarizə tədbirlərinə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Qəbələ Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları cəlb olunub.
Əlavə məlumat veriləcək.
***15:49
Bu gün Qəbələ rayonunun Nohurqışlaq kəndi yaxınlığında meşə ərazisindəki kolluq sahədə yanğın hadisəsi baş verib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat katibi İradə İbrahimova bildirib ki, ilkin ehtimala görə yanğın sözügedən kənddə vətəndaşın bağ sahəsində xəzəllərin yandırılması nəticəsində başlayıb, sonradan meşə ərazisinə keçib.
O, qeyd edib ki, hazırda nazirliyin yerli qurumları, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən yanğının söndürülməsi və digər ərazilərə keçməsinin qarşısının alınması istiqamətində tədbirlər görülür.
İ.İbrahimova yanğın hadisələrinin baş verməməsi üçün vətəndaşları yanğın təhlükəsizliyi qaydalarına əməl etməyə, odla ehtiyatlı davranmağa, yanğına şərait yaradan bütün hallardan çəkinməyə çağırıb.