Azərbaycan mühüm turizm ilinə hazırlaşır.
RegionTV.info xəbər verir ki, bu, “Euronews.com”da Almaniyanın paytaxtı Berlində keçirilən, dünyanın ən böyük səyahət yarmarkalarından biri olan ITB sərgisi ilə bağlı məqalədə qeyd olunub.
Məqalədə vurğulanır ki, Avropaya yeni hava yollarının açılması, viza rejiminin sadələşdirilməsi milyonlarla səyahətçiyə bu ölkənin füsunkar mənzərələrindən zövq almağa imkan verəcək. İndi Azərbaycana gəlmək daha asandır.
Azərbaycan Turizm Bürosunun (ATB) baş icraçı direktoru Florian Zenqstşmid ölkəmizin sənayesini dinamik və aktiv xarakterizə edib. "Ölkəmizin biomüxtəlifliyi ilə çox fəxr edirik", - o vurğulayıb: "Burda o qədər müxtəlif landşaftlar, o qədər iqlim qurşaqları var! Son illər bir çox layihələrə start vermişik, zəngin təcrübə qazanmışıq, yeni otellər açmışıq".
Peşəkarlar iqtisadiyyat, səhiyyə və geosiyasət sahəsində xəbərləri yaxından izləməyə davam etməklə 2023-cü ilin Azərbaycanda məhsuldar və dinamik olacağına ümid edirlər.
Qeyd edək ki, Berlində keçirilən ITB sərgisi dünyanın ən böyük səyahət yarmarkalarından biridir. Dünyanın hər yerindən peşəkarlar öz təyinatlarını tanıtmaq və təcrübə mübadiləsi aparmaq üçün buraya gəlirlər.