Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

"Ermənilər irimiqyaslı təxribata hazırlaşırlar" - Naqif Həmzəyev

RegionTV.info

"Çox təəssüflər olsun ki, biz növbəti dəfə erməni təxribatı nəticəsində şəhid verdik. Allah şəhidlərimizə rəhmət eləsin. Ancaq biz dəfələrlə müşahidə etmişik ki, nə vaxt Ermənistanla Azərbaycan arasında sülhə yaxınlıq müşahidə olunursa, həmin ərəfədə rəsmi İrəvan tərəfindən təxribat törədilir".

Bunu martın 5-də səhər saatlarında qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribatla bağlı AzNews.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

Millət vəkili bildirib ki, biz buna ötən ilin avqust və sentyabr aylarında baş vermiş təxribatları misal göstərə bilərik:

"İstənilən halda artıq hər kəsə bəllidir ki, alternativ yollarla erməni separatçılar rus sülhməramlıların nəzarətində olan ərazilərə silah-sursat daşıyıblar. Bu prosesin qarşısı Azərbayan Silahlı Qüvvələri tərəfindən alınıb. Həmin ərəfədə də ermənilər təxribat törədiblər. Görünən odur ki, ermənilər öz amplualarında davam edirlər. Onlar irimiqyaslı təxribata hazırlaşırlar və yaxud sülh prosesini uzatmaq, prosesləri öz xeyirlərinə dəyişmək istəyirlər".

N. Həmzəyev qeyd edib ki, Avropa İttifaqının müşahidə missiyasının Ermənistan ərazisinə göndərilməsindən, Azərbaycanla sərhədlərində öz nəzarət mexanizmlərini işə saldıqdan sonra ermənilər müəyyən dərəcədə cəsarətləndilər:

"Onlar düşünürlər ki, müəyyən dərəcədə sığortalanıblar. Ancaq istənilən halda Azərbaycanın suveren haqqı və hüququdur ki, öz ərazilərində istənilən zaman anti-terror əməliyyatları keçirtsin".

Deputat rus sülhməramlılarının erməni separatçılarının fəaliyyətinə göz yumduğunu deyib:

"Bu baxımdan da mən düşünürəm ki, əgər baş vermiş bu təxribatlara Ermənistan tərəfi aydınlıq gətirməyəcəksə və onlar baş vermiş bu təxribatın əsas səbəbkar və günahkarlarını cəzalandırmayacaqsa, Azərbaycan tərəfi təxirə salınmadan anti-terror əməliyyatlarına başlamalıdır. Bununla da kifayətlənməyib bütün alternativ yollarda da sərhəd keçid məntəqələri və nəzarət postları quraşdırmalıdır ki, növbəti böyük təxribata hazırlaşan erməni separatçılarının bütün niyyətləri puça getsin və yenidən gərginlik yaranmasın. Çünki açıq deyirəm əgər böyük bir toqquşma baş verərsə, bu sülhə çox böyük kölgə salacaq. Nəticə etibarilə Ermənistan böyük toqquşma nəticəsində daha ağır vəziyyətə düşə bilər və ümumiyyətlə müstəqilliyini itirə bilər. Bu baxımdan da Ermənistan baş verən proseslərə göz yummamalıdır. Biz bilmirik, bəlkə də bunu edən Paşinyanın özü və ya revanşist qüvvələrdir. İstənilən halda bu qüvvələrin kimlikləri müəyyənləşdirilməlidir və bu proseslər dayandırmalıdır. Əks təqdirdə sülhə doğru gedən yolda böyük bir maneə yaranacaq və Ermənistan ağır zərbələr alacaq".

Millət vəkili sonda bir daha vurğulayıb ki, bu cür təxribatlar Ermənistanın və oradakı hökumətin tamamilə məhvinə gətirib çıxara bilər:

"Ancaq istənilən halda bizim tək hədəfimiz sülhə nail olmaqdır. Çünki biz böyük bir toqquşmanın və müharibənin olmasını istəmirik. Ancaq buna paralel olaraq əgər ermənilər bu cür təxribatları davam etdirərlərsə, anti-terror əməliyyatı qaçılmazdır və bu ən qısa zamanda baş tutmalıdır".


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də