Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Qadını amansızlıqla öldürən rəfiqələrlə bağlı QƏRAR

Şəki Apellyasiya Məhkəməsində Qəbələdə 23 yaşlı Aytac Əliyevanın qətli ilə bağlı təqsirləndirilən Kemale Maksumbekova və rəfiqəsi Rufanə Nəbiyeva barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

RegionTV.info-nun əldə etdiyi məlumata görə, hakim Xəqani Səmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, onların apellyasiya şikayəti təmin edilməyib.

 

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Kemale Maksumbekova 18 il və Rufanə Nəbiyeva isə 17 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

 

Xatırlatma: Hadisə ötən ilin mart ayında Qəbələ rayonunda qeydə alınıb. Belə ki, rayon Prokurorluğu tərəfindən yayılan məlumatlara görə, Qəbələ rayonu ərazisində Kemale Maksumbekovanın 2008-ci il təvəllüdlü oğlu ilə birlikdə şəxsi münasibətlər zəminində 1999-cu il təvəllüdlü Aytac Əliyevanın baş nahiyəsinə daşla xəsarət yetirdikdən sonra yapışqanla baş və boyun nahiyəsini bağlaması nəticəsində sonuncunun boğularaq ölməsinə əsaslı şübhələr müəyyən edilib. Kemale Maksumbekova şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Davam edən araşdırmalarla Kemale Maksumbekovanın qətl törədərkən rəfiqəsi ilə əlbir olması müəyyən olunub. İstintaqla 1993-cü il təvəllüdlü Rüfanə Nəbiyevanın Aytac Əliyevanın əri ilə 6 ilə yaxın münasibətdə olduğu müəyyən edilib. Onun boşanaraq Rüfanə Nəbiyeva ilə ailə quracağına söz verməsinə baxmayaraq sözünə əməl etməməsinə görə R.Nəbiyeva Aytac Əliyevanın ərinə guya xəyanət etmək məqsədilə evi tərk etməsi görüntüsü yaratmaq üçün rəfiqəsi Kemale Maksumbekova və onun azyaşlı oğlu ilə cinayət əlaqəsinə girib. Onlar Aytacı oğurlayıb Şəkidə yaşadıqları evə aparmaq razılığına gəlməklə Aytac Əliyevanın həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq ediblər. Daha sonra isə Kemale Maksumbekovanın ümumi razılaşdırılmış niyyətdən kənara çıxaraq Aytac Əliyevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Rüfanə Nəbiyeva şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Məhkəmənin qərarı ilə Kemale Maksumbekova Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə), 29, 144.2.4 (adam oğurluğuna cəhd - zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə) və 170.3 (yetkinlik yaşına çatmayanı cinayətkar fəaliyyətə cəlb etmə - zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə törədildikdə və ya yetkinlik yaşına çatmayanı cinayətkar qrupa və ya ağır, yaxud xüsusilə ağır cinayətin törədilməsinə cəlb etmə) Rüfanə Nəbiyeva isə Cinayət Məcəlləsinin 29, 144.2.3 (adam oğurluğuna cəhd - bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə) 29, 144.2.4 (adam oğurluğuna cəhd - zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə) maddələri nəzərdə tutulan əməlləri törətməkdə şübhəli bilinərək barələrində həbs qətimkan tədbiri seçilib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də