“Azərbaycanla BMT-nin Sivilizasiyalar Alyansı arasında çox sıx əməkdaşlıq həyata keçirilib və ölkəmiz bundan sonra da Alyansın fəaliyyətini dəstəkləyəcək”.
RegionTV.info xəbər verir ki, bu barədə Prezident İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinosu qəbul edərkən bildirib.
Qoşulmama Hərəkatının Bakıda keçirilmiş son Sammitinin çox səmərəli olduğunu deyən dövlətimizin başçısı Azərbaycanın Hərəkata sədrlik dövründə çox yaxşı irs qoyduğunu vurğulayıb.
Prezident İlham Əliyev Azərbaycanda ənənəvi keçirilən və COVID-19 pandemiyasına görə müvəqqəti təxirə salınan Mədəniyyətlərarası Dialoq Forumunun da gələn ildən bərpa olunacağını, bu xüsusda ölkəmizlə BMT-nin Sivilizasiyalar Alyansının əməkdaşlığının davam edəcəyinə əminliyini ifadə edib.