RegionTV.info
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə qardaş ölkədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələrinin növbəti qrupu bu gün təyyarə ilə Adana hava limanından Bakı şəhərinə yola düşüb.
FHN-dən verilən məlumata görə, qüvvələri hava limanından İmamoğlu rayonunun rəhbəri Mehmet Aksu, Türkiyə Respublikasının Xarici İşlər Nazirliyindən fövqəladə və səlahiyyətli səfir Ayşe Saraç, Fövqəladə Halların İdarə olunması Agentliyinin (AFAD) nümayəndəsi Cumhur Özkaptan, media və ictimaiyyət nümayəndələri yola salıblar.
Türkiyəli rəsmilər Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələrinin hadisə bölgəsindəki fəaliyyətlərini yüksək qiymətləndirib, baş vermiş dağıdıcı zəlzələdən zərər çəkmiş insanların xilas edilməsi, onlara tibbi və psixoloji yardımın göstərilməsində yüksək peşəkarlıq və böyük fədakarlıq nümayiş etdirdiklərini bildiriblər.
Rəsmilər göstərilən dəstəyə görə Azərbaycan dövləti və xalqına təşəkkür ediblər.