RegionTV.info
“Yeni təsis etdiyimiz TÜRKSOY Yazıçılar Birliyinin məqsədi türk dünyası ədəbiyyatları arasında əlaqələri gücləndirmək və onlar arasında körpü yaratmaqdır”.
Bu fikirləri TÜRKSOY-un Baş katibi Sultan Rayev bildirib.
Onun sözlərinə görə, birliyin yaradılması onun təşəbbüsü və qurumun təşkilatçılığı ilə baş tutub: “Hesab edirəm ki, bu birlik türk dünyası ədəbiyyatına yeni bir nəfəs gətirəcək. Məqsədimiz türk coğrafiyasında yaşayan yazıçıların bir-birini tanımasına, əsərlərinin tanıdılmasına və ortaq problemlərini müəyyən edərək çözülməsinə dəstək verməkdir. Bunun üçün də biz türk ədəbiyyatının gələcəyini müzakirə etməliyik”.
S. Rayev TÜRKSOY-un Baş katibi olaraq ən mühüm vəzifələrindən birinin türk dünyası mədəniyyətlərini bir-birinə yaxınlaşdırmaq, onlar arasında ünsiyyəti gücləndirmək olduğunu vurğulayıb: “Türk mədəniyyətinin lokomotivi ədəbiyyatdır. Ədəbiyyat mədəniyyətin şah damarıdır. TÜRKSOY-un da qutsal vəzifəsi bütün türk boylarının mədəniyyətinə möhkəm körpü olmaq, qardaş türk boylarını ədəbiyyat və mədəniyyət vasitəsi ilə bir-birinə yaxınlaşdırmaq, onları birliyə, həmrəyliyə dəvət etməkdir. Ən mühüm şüarımız isə İsmayıl Qaspıralının dediyi kimi, dildə, fikirdə, əməldə birlikdir”.
Qeyd edək ki, martın 6-da qurumun Ankaradakı məkanında TÜRKSOY Yazıçılar Birliyi təsis toplantısı keçirilib.
Mədəniyyət təşkilatının rəhbərinin ev sahibliyi ilə keçirilən tədbirdə Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr üzrə katibi Səlim Babullaoğlu, Qazaxıstan Yazıçılar Birliyinin sədri Uluqbek Esdaulet, Qırğızıstan Yazıçılar Birliyinin sədri Nurlanbek Kalıbekov, Özbəkistan Yazıçılar Birliyinin sədri Sirojiddin Seyid, Türkiyə Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü Mahmut Erdemir, Avrasiya Yazarlar Birliyinin sədri Yakup Ömeroğlu və Türkmənistanın Türkiyədəki səfirliyinin ikinci katibi Handurdi Turayev iştirak ediblər.
Toplantıda həmçinin çıxış edənlər təmsil etdikləri qurumun yaradıcılığından və TÜRKSOY-un ədəbiyyat sahəsindəki mühüm fəaliyyətindən bəhs edərək yaradılan birliyin türk coğrafiyasının ədəbiyyat sahəsinə yeni təkan verəcəyinə inandıqlarını vurğulayıblar.
Açılış çıxışlarından sonra iclas sessiyalarla davam edib. Toplantının sonunda TÜRKSOY Yazıçılar Birliyinin yaradılması haqqında sənəd iştirakçılar tərəfindən imzalanıb.
Qəbul edilən qərara əsasən, Qazaxıstan Yazıçılar Birliyinin rəhbəri Uluqbek Esdaulet TÜRKSOY Yazıçılar Birliyinin sədri seçilib. Bundan başqa, TÜRKSOY Yazıçılar Birliyinin ilk toplantısının bu ayın sonunda Özbəkistanda keçirilməsi qərara alınıb.