Ermənistan tərəfinin davam edən hərbi təxribatları, o cümlədən 5 mart tarixində baş vermiş insident bir daha göstərir ki, bu ölkə regionda davamlı sülhün əldə olunmasında və Azərbaycanla qarşılıqlı hörmətə əsaslanan münasibətlərin qurulmasında maraqlı deyil.
RegionTV.info xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun BMT-nin Ən az inkişaf etmiş ölkələr üzrə Beşinci Konfransında iştirakı çərçivəsində Qana Respublikasının xarici işlər və regional inteqrasiya naziri Şirley Ayorkor Botçvey ilə görüşündə bildirilib.
C.Bayramov BMT Təhlükəsizlik Şurasının hazırkı qeyri-daimi üzvlərindən biri qismində Qanadan olan həmkarını post-münaqişə dövründə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesi, eləcə də regionda hazırkı təhlükəsizlik vəziyyəti barədə məlumatlandırıb.