RegionTV.info
Bu gün axşam saatlarında Astara rayonunun Ovala kəndi yaxınlığındakı meşə sahəsində yanğın hadisəsi baş verib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat katibi İradə İbrahimova bildirib ki, ilkin ehtimala görə, yanğına səbəb sözügedən kənddə yaşayan vətəndaşın həyətyanı sahəsində yandırdığı xəzəllərin güclü külək nəticəsində yaxınlıqdakı meşəyə yayılmasıdır.
O qeyd edib ki, hazırda ETSN-in yerli qurumları, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən yanğının söndürülməsi və digər ərazilərə keçməsinin qarşısının alınması istiqamətində tədbirlər görülür.
İ.İbrahimova yanğın hadisələrinin baş verməməsi üçün vətəndaşları ehtiyatlı və diqqətli olmağa, yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməyə, məsuliyyəti hiss edərək yanğına şərait yaradan bütün hallardan çəkinməyə çağırıb.