Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Zəngəzuru referendumla qaytara bilərik? – Ekspertlər

Son vaxtlar Azərbaycanın tarixi torpağı olan Zəngəzur mahalı ilə bağlı məsələlər tez-tez gündəmə gəlir. Bəzi şəxslər Azərbaycanın Zəngəzuru qaytarmaq üçün beynəlxalq miqyasda məsələ qaldırmalı olduğunu düşünür. Qeyd edilir ki, 19 fevral 1954-cü ildə Nikita Xruşşovun təşəbbüsü ilə Krımın Rusiyanın tərkibindən çıxarılaraq Ukraynaya verilməsi SSRİ-nin dağılmasından sonra Rusiya millətçilərinin kəskin etirazı ilə qarşılanmışdı. Təklif edilir ki, Rusiya SSRİ dövründə verilən qərarı ləğv etdiyi kimi, Azərbaycan da SSRİ-nin Azərbaycan SSR-in sərhədlərini dəyişdirməsi məsələsini qaldırmalı, bunun üçün referendum keçirməli və o qərarı ləğv etməlidir. Maraqlıdır, görəsən, bu, mümkündürmü?
Məsələ ilə bağlı  açıqlama verən sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov bildirib ki, Zəngəzur mövzusu tarixin süzgəcindən keçmiş bir məsələdir:
"Konkret tarixi keçmişə malikdir. Bu məsələnin hansısa başqa bir məsələ ilə eyniləşdirilməsini düzgün hesab etmirəm. Təbii ki, siyasi demokratiya, söz azadlığı olan yerlərdə bu və bu kimi müsbət təkliflərin səslənməsi də normaldır. O ki qaldı rəsmi mövqeyə, düşünürəm, Zəngəzur kimi məsələlər dövrün siyasi şəraitindən asılı olaraq səslənməlidir. Etiraf etmək lazımdır ki, qeyd etdiyimiz məsələ daha böyük hazırlıq tələb edir. Dövlət bunu rəsmi şəkildə bəyan edəcəksə, buna ciddi şəkildə hazırlaşmaq lazımdır.
Ancaq ümumilikdə təklifi müsbət qiymətləndirirəm. Siyasi partiyaların məsələni gündəmdə saxlaması zəruridir. Sonda onu da qeyd edim ki, mən Zəngəzur məsələsinin hansısa digər bir məsələ, yaxud situasiya ilə əlaqələndirilməsinin tərəfdarı deyiləm. Zəngəzurun tarixi keçmişi və əsasları var. Yəni indiki halda kiməsə baxıb, hərəkət etmək məntiqli yanaşma olmazdı”.
Beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev isə deyib ki, Azərbaycan öz sərhədlərinin SSRİ dövründə dəyişdirilməsi məsələsini xalq referendumuna çıxara bilər:
"Zəngəzur tarixi Azərbaycan torpağıdır, lakin təəssüf ki, bu gün beynəlxaq hüquq ilə Ermənistanın ərazi bütövlüyü kimi qəbul edilib. Azərbaycan bu gün SSRİ dövründə torpaqlarının xalqın iradəsi olmadan Ermənistana verilməsi məsələsini referenduma çıxara və tanımadığını elan edə bilər. Lakin bu, beynəlxalq aləmdə nə dərəcə qəbul ediləcək - demək çətindir.
Digər tərəfdən, mən Zəngəzur məsələsinin Krım məsələsinə bənzədilməsini düzgün hesab etmirəm. Çünki bəlkə Krımın Ukraynaya verilməsi haqqında qanun Rusiyada ləğv edildi. Lakin əsas məsələ daha sonra Rusiyanın Krımı ilhaq etməsidir. Bu isə beynəlxalq hüquq ilə qanunsuz idi. Digər tərəfdən, Azərbaycan Ukraynanın ərazi bütövlüyünü tanıyır və Rusiyanın Krımın ilhaqını heç zaman düzgün hesab etməyib. Yəni bu gün xalq referendumu keçirib Zəngəzur və digər torpaqların vaxtilə qanunsuz şəkildə Ermənistana verildiyini və bu prosesi tanımadığımızı bildirə bilərik.
Bu gün Ermənistan mediası ölkə daxilində və xaricində geniş şəkildə Azərbaycanın Ermənistanın ərazi bütövlüyünü pozmaq istədiyini əsas gətirərək, Birgə Bəyanatın Naxçıvanla dəhliz məsələsini ləğv etməyə çalışır. Yəni belə bir vəziyyətdə biz Zəngəzurla bağlı istənilən iddiamızı kifayət qədər ehtiyatlı və tədbirli səsləndirməliyik”.
Region.tv.info 

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də