RegionTV.info
Mingəçevir Şəhər İcra hakimiyyətinin başçısı İlham İsmayılov Elçin Abdullayevi şəhərin "QRES" adlanan qəsəbəsində yerləşən Mənzil Kommunal İstehsalat Kombinatına rəis müavini təyin edib. Mənbənin məlumatına görə məqsəd isə cinayətdə ittiham olunan şəxsi bir müddət sonra həmin idarənin 68 yaşlı rəisinin yerinə keçirmək olub.Maraqlıdır,icra başçısının Elçin Abdullayev qarşısında hansı öhdəliyi olub ki,o bu qədər riskə gedərək Baş prokurorluğun Cinayət Məcəlləsinin 179.2.1-ci, 179.2.3-cü, 179.2.4-cü və 308.1-ci maddələri ilə cinayət işi açdığı şəxsi yüksək vəzifəyə təyin edib.
2 il öncə yayılmış Rəsmi məlumatı təqdim edirik:
2021-ci ilin dekabrında Mingəçevir Şəhər Məşğulluq Mərkəzinin sabiq direktoru Elçin Abdullayevin qanunsuz əməlləri ilə əlaqədar aparılmış araşdırma nəticəsində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşdırılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən bildiriblər ki, ibtidai istintaqla Elçin Abdullayevin həmin vəzifədə işləyərkən Dövlət Məşğulluq Xidmətinin rəhbər vəzifəli şəxsləri və qeyriləri ilə qabaqcadan əlbir olub qurumda işsiz kimi qeydiyyata alınmış şəxslərə verilməsi üçün nəzərdə tutulmuş məhsulların alınması ilə bağlı heç bir tender və kotirovka keçirilmədən müvafiq rəsmi sənədləri saxtalaşdıraraq 17 nəfər işsiz vətəndaş üçün dövlət büdcəsindən ayrılmış 86 min manat məbləğində vəsaitin faktiki olaraq 61 min manat hissəsini ödəyib qiymətlərin şişirdilməsi yolu ilə 25 min manat məbləğində dövlət vəsaitini israf etməsinə, həmin hərəkətləri ilə vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə əsaslı şübhələr müəyyən olunub.
Elçin Abdullayevə Cinayət Məcəlləsinin 179.2.1-ci, 179.2.3-cü, 179.2.4-cü (mənimsəmə və ya israf etmə - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən- xeyli miqdarda ziyan vurmaqla öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham elan edilib.
Mənbə: Mingəçevir İctimai Nəzarət Qrupu