Gürcüstan cari ilin yayından etibarən pilotsuz uçuş aparatlarının (PUA) istehsalına başlayacaq. İl ərzində ölkədə 1000-1500 ədəd kəşfiyyat və döyüş PUA-larının istehsalı nəzərdə tutulub.
RegionTV.info xəbər verir ki, bu barədə Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze bildirib.
Nazir deyib ki, ilk kəşfiyyat və döyüş PUA-ları artıq Baş nazir İrakli Qaribaşvilinin iştirakı ilə uğurla sınaqdan keçirilib. PUA-lar Tbilisi yaxınlığındakı Gürcüstan-Polşa birgə müəssisəsində istehsal olunacaq.
Tikintisi ötən ilin dekabrında başa çatan müəssisənin sahibi 2022-ci ildə Gürcüstanın “Delta” şirkəti və Polşanın “WB Electronics S.A” şirkəti tərəfindən təsis edilmiş “Delta-WB” şirkətidir.
Nazirin sözlərinə görə, birgə müəssisədə “Warmate” kamikadze və “Flyeye” kəşfiyyat PUA-larının istehsalı planlaşdırılır.