Cəlilabadda xəstə uşağını xəstəxanaya gətirən valideyn övladına zəruri müdaxilənin olunmadığını iddia edir.
RegionTV.info-nun məlumatına görə, Cəlilabad rayon sakini Nizami Hüseynov yaşyarımlıq körpəsini zəhərlənmə ehtimalı ilə rayon mərkəzi xəstəxanasının uşaq şöbəsinə aparıb.
Onun iddiasına görə, xəstəxanada uşağa heç bir tibbi yardım göstərilməyib. O da bütün baş verənləri telefonu ilə qeydə alıb.
Nizami Hüseynov iddia edir ki, növbətçi həkim ona şöbəyə dərman preparatlarının və sistem üçün ləvazimatların verilmədiyini deyib və zəruri dərmanları xəstə yaxınlarının almalı olduğunu bildirib.
Məsələ ilə bağlı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, Nizami Hüseynov səhər saat 06:18 radələrində təcili tibbi yardım şöbəsinə müraciət etmədən birbaşa stasionar şöbəyə daxil olub və çəkiliş etməyə başlayıb.
“O, stasionar növbətçi həkim Rövşən Rzayevi təhdid edərək xəstəyə sistem qoşmağı tələb edib. Rövşən Rzayev isə xəstəyə baxış zamanı hər hansı klinik simptomlar aşkar etməyib. Lakin buna baxmayaraq, atanın təkidinə uyğun olaraq, uşağın təcili yardım şöbəsində qeydiyyata düşməsini və xəstəxanaya qəbul edilməsini tövsiyə edib. Lakin Nizami Hüseynov təklifdən imtina edib”, - deyə xəstəxanadan bildirilib.
Daha ətraflı süjetdə: